İtaliya parlamentinin Deputatlar Palatası antisemitizmlə mübarizəni nəzərdə tutan və müxalifətin İsrail hökumətinin tənqidini məhdudlaşdıracağını iddia etdiyi “DDL 1004” saylı qanun layihəsini qəbul edib.
Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi sağ koalisiya hökumətinin tərəfdaşlarından olan ifrat sağçı Liqa Partiyasının təşəbbüsü ilə irəli sürülən sənəd mart ayında Senatda da təsdiqlənmişdi.
Qanun layihəsinə əsasən, antisemitizmin müəyyənləşdirilməsində Beynəlxalq Holokostu Anma Alyansının (IHRA) meyarları əsas götürüləcək. Sənəd Deputatlar Palatasında 93 əleyhinə səsə qarşı 147 səslə qəbul edilib, 5 deputat bitərəf qalıb.
Müxalifət nümayəndələri və “Amnesty International”ın İtaliya bölməsi sənədi tənqid edərək onun ifadə azadlığını məhdudlaşdıra və İsrail hökumətinin siyasətinə yönələn tənqidləri susdura biləcəyini bildiriblər.
Qanun layihəsinə qarşı Romada müzakirələr getdiyi vaxt Milan şəhərində də etiraz aksiyası keçirilib. Aksiyada yüzlərlə insan iştirak edib və “İsraili tənqid etmək antisemitizm deyil” şüarı səsləndirilib.
Tahir TAĞIYEV