Avropada nüvə qəzası riski son 40 ilin ən yüksək həddinə çatıb. Norveçin səhiyyə və qayğı xidmətləri naziri Yan Kristian Vestre Rusiyanın Ukraynanın nüvə elektrik stansiyalarına və enerji infrastrukturuna hücumlarının ciddi təhlükə yaratdığını bildirib.
Nazir Avropanın bir sıra ölkələrinin mümkün nüvə qəzası riskindən narahat olduğunu deyib. Vestre bildirib ki, Norveç hökuməti hücumların Avropanın böyük hissəsinə radioaktiv çöküntülərin yayılmasına səbəb ola biləcək nüvə qəzasına gətirib çıxaracağından ehtiyat edir.
Onun sözlərinə görə, bu narahatlığı təkcə Norveç deyil, Norveçin Radiasiyadan Mühafizə Agentliyi, ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya, Ukrayna və bir sıra Avropa İttifaqı ölkələri də bölüşür.
“Reuters” agentliyinin məlumatına görə, 38 ölkənin nüvə təhlükəsizliyi üzrə tənzimləyici qurumları da bu qış Ukraynada nüvə qəzası riskinin artdığı barədə xəbərdarlıq ediblər. Onlar Rusiyanı Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmağa çağırıblar.
Bildirilib ki, Moskva son dövrlərdə Ukraynanın elektrik stansiyalarına, yüksək gərginlikli xətlərinə və yarımstansiyalarına dron və raket hücumlarını intensivləşdirib. Bu isə onsuz da həssas vəziyyətdə olan enerji sisteminə əlavə təzyiq yaradır.
38 ölkənin nümayəndələrinin birgə bəyanatında Rusiyanın müharibəsi və Ukraynanın enerji infrastrukturuna davam edən hücumları nəticəsində nüvə təhlükəsizliyi risklərinin artmasından ciddi narahatlıq ifadə olunub.
Mütəxəssislər xüsusilə elektrik enerjisinin fasilələrlə təmin edilməsinin Ukraynanın nüvə elektrik stansiyalarında nüvə yanacağının soyudulmasını çətinləşdirdiyini vurğulayırlar. Etibarlı enerji təchizatı olmadıqda soyutma sistemlərinin fəaliyyəti pozula və radioaktiv maddələrin atmosferə yayılması təhlükəsi yarana bilər.
Avropa Radiasiyadan Mühafizə üzrə Səlahiyyətli Qurumlar Assosiasiyasının (HERCA) və Şimali Avropa Radiasiya Təhlükəsizliyi Qurumları Assosiasiyasının (NORA) rəhbəri Per Strandın sözlərinə görə, son həftələrdə Rusiyanın hücumları daha dağıdıcı xarakter alıb. Buna daha dəqiq dronlardan və böyük döyüş yükü daşıyan pilotsuz aparatlardan istifadə də təsir göstərir.
Strand ən ağır ssenarinin Ukraynada fəaliyyət göstərən doqquz nüvə reaktorunun hamısının eyni vaxtda elektrik enerjisi təchizatından məhrum olduğu ümummilli enerji böhranı ola biləcəyini bildirib.
Qeyd edək ki, 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza tarixdə ən ağır mülki nüvə fəlakəti hesab olunur. Mütəxəssislər Ukraynanın enerji infrastrukturuna hücumların davam etməsinin oxşar miqyaslı radioaktiv çirklənmə riskini artırdığı barədə xəbərdarlıq edirlər.
Tahir TAĞIYEV