Ermənistan və Azərbaycanın transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları formalaşdırılır. Qarşıdakı dövrdə bu istiqamətdə görüşlər və müzakirələr keçiriləcək.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan İranla Araz çayı üzrə də oxşar işlər aparır, Türkiyə ilə isə Axuryan su anbarının ehtiyatlarından birgə istifadə məsələsində əməkdaşlıq qurulub.
Baş nazirin sözlərinə görə, Azərbaycanla münasibətlərdə söhbət əsasən ortaq çaylardan gedir. Bu çayların su ehtiyatlarından hansı qaydalar əsasında istifadə ediləcəyini və müvafiq standartların necə tətbiq olunacağını müəyyənləşdirmək lazımdır.
Paşinyan bu məsələləri sülh şəraitində yaşamağın adi gündəliyi kimi xarakterizə edib.
O bildirib ki, işçi qrupları hazırda formalaşdırılır, hələ görüş keçirilməyib, lakin qarşıdakı dövrdə görüşlər və müzakirələr olacaq.
Ermənistanın baş naziri əlavə edib ki, 30 illik münaqişəni bir anda aradan qaldırmaq mümkün deyil və hələ çox ağrılı məsələlər qalır. Onun sözlərinə görə, bu problemlərin həlli üçün səbirli olmaq və onları mərhələli şəkildə həll etmək lazımdır.
Tahir TAĞIYEV