Ermənistanın “Daşnaksütyun” Partiyasının Mərkəzi Şurası noyabrın 17-də "Qarabağ münaqişəsi"nə dair yenilənmiş sənəd dərc edərək Azərbaycanın, beynəlxalq ictimaiyyətin və Ermənistan hökumətinin qarşısında 13 tələb irəli sürüb.
Sənəddə "Qarabağ münaqişəsi"nin həll olunmadığı iddia edilir, 20 erməni "saxlanılan şəxs"in dərhal azad edilməsi, onlara müstəqil humanitar təşkilatlara çıxışının təmin olunması və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması tələb olunur.
“Daşnaksütyun” beynəlxalq ictimaiyyətin iştirakı ilə, ATƏT və ya BMT-nin himayəsi altında yeni danışıqlar formatının yaradılmasını, Qarabağın erməni nümayəndələrinin bu prosesə cəlb edilməsini və İsveçrə Parlamentinin təşəbbüsü ilə sülh konfransının keçirilməsini təklif edir.
Sənəddə, həmçinin, Ermənistan "mədəni irsi"nin qorunması üçün UNESCO-nun müstəqil missiyasının yaradılması, Qarabağdan köçmüş ermənilərin əmlak hüquqlarının müdafiəsi, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılması və Bakının irəli sürdüyü ilkin şərtlərin rədd edilməsi kimi tələblər yer alıb.
Təşkilat Ermənistan hökumətini Qarabağ ermənilərinin hüquqlarını daha ardıcıl müdafiə etməyə, onların siyasi nümayəndələrinə təzyiqlərə son qoymağa və "məcburi köçkünlər"in gələcəyi ilə bağlı uzunmüddətli siyasət hazırlamağa çağırıb.
Yəni “Daşnaksütyun” Partiyası "Qarabağ məsələsi"ni bağlanmış hesab etmir və onu yenidən beynəlxalq müzakirələrə çıxarmağa çalışır. Sənəddə irəli sürülən tələblər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü baxımından qəbuledilməz siyasi müddəalar da ehtiva edir. Bu, Ermənistan daxilində revanşist siyasi dairələrin Qarabağ mövzusunu yenidən beynəlxalq gündəmə gətirmək cəhdlərinin davam etdiyini göstərir.
Daşnaksütyun Partiyasının "Qarabağ məsələsi"ni yenidən beynəlxalq müzakirələrə çıxarmaq, yeni danışıqlar formatı yaratmaq və Azərbaycan qarşısında 13 tələb irəli sürmək təşəbbüsü nədən qaynaqlanır? Bu addım Ermənistan daxilində revanşist qüvvələrin fəallaşmasının və sülh prosesini pozmaq cəhdlərinin göstəricisidirmi, yoxsa Qarabağ məsələsini beynəlxalq gündəmdə saxlamaqla Azərbaycana siyasi təzyiq göstərmək strategiyasıdır?
Züriyə Qarayeva: "Daşnaksütyun Qarabağ məsələsini yenidən beynəlxalq gündəmə gətirməklə itirdiyi siyasi təsir imkanlarını bərpa etməyə çalışır
Politoloq Züriyə Qarayeva Ermənistanın “Daşnaksütyun” Partiyasının Qarabağ məsələsini yenidən beynəlxalq gündəmə gətirmək cəhdini təsadüfi hesab etmir. O, "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, bu təşəbbüsün arxasında həm Ermənistanın daxili siyasi mübarizəsi, həm də müəyyən geosiyasi məqsədlər dayanır.
Politoloqun sözlərinə görə, “Daşnaksütyun” tarixən radikal millətçi mövqeyi ilə seçilən, Azərbaycana qarşı ərazi iddialarını siyasi ideologiyasının əsas istiqamətlərindən birinə çevirən təşkilatdır. Azərbaycanın 2023-cü ilin sentyabrında öz suverenliyini bütün ərazilərində bərpa etməsi isə bu qüvvələrin uzun illər müdafiə etdiyi siyasi gündəliyi faktiki olaraq iflasa uğradıb. İndi Qarabağ məsələsini yenidən beynəlmiləlləşdirməyə çalışmaqla itirdikləri siyasi təsir imkanlarını bərpa etmək istəyirlər.
Züriyə Qarayeva qeyd edib ki, xüsusilə ATƏT və BMT çərçivəsində yeni danışıqlar formatının yaradılması təklifi artıq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmuş məsələnin yenidən mübahisə predmetinə çevrilməsi cəhdidir.
Onun fikrincə, bu təşəbbüsün arxasında Ermənistanın daxili siyasi mübarizəsi də dayanır. “Daşnaksütyun” və ona yaxın müxalif dairələr Qarabağ məsələsindən Nikol Paşinyan hökumətinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Onlar hakimiyyətin Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımları siyasi güzəşt kimi təqdim etməklə cəmiyyətdə narazılıq yaratmaq və öz mövqelərini gücləndirmək niyyətindədirlər.
Politoloq hesab edir ki, bu təşəbbüs həm revanşist qüvvələrin fəallaşmasının göstəricisi, həm də Azərbaycana qarşı beynəlxalq siyasi təzyiq formalaşdırmaq strategiyasının tərkib hissəsidir. Bu iki məqsəd bir-birini tamamlayır. “Daşnaksütyun” yaxşı anlayır ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquq baxımından mübahisə predmeti deyil. Bölgədə yeni separatçı siyasi təsisatların yaradılması üçün də heç bir hüquqi əsas yoxdur.
Bununla belə, həmin siyasi dairələr humanitar və insan hüquqları ilə bağlı məsələləri ərazi-siyasi iddialarla eyni sənəddə birləşdirməklə beynəlxalq təşkilatların diqqətini cəlb etməyə çalışırlar. Halbuki, humanitar məsələlərin müzakirəsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün şübhə altına alınmasına əsas vermir.
Züriyə Qarayeva vurğulayıb ki, Ermənistan müxalifətinin irəli sürdüyü 13 tələb sülh prosesinə alternativ konstruktiv yanaşma deyil, daha çox keçmiş münaqişə gündəliyini yenidən siyasi dövriyyəyə qaytarmaq cəhdidir.
Politoloq, eyni zamanda, bir siyasi partiyanın bəyanatını Ermənistan dövlətinin rəsmi siyasəti ilə eyniləşdirməyin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, hazırda diqqət yetirilməli əsas məqam Paşinyan hökumətinin bu çağırışlara münasibəti və Azərbaycanla sülh prosesində üzərinə götürdüyü siyasi öhdəliklərə nə dərəcədə sadiq qalacağıdır.
Politoloq hesab edir ki, regionda davamlı sülhün təmin olunması üçün Ermənistanın siyasi dairələri revanşist ritorikadan uzaqlaşmalı, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan yanaşmalardan imtina etməlidirlər. Əks halda, keçmiş münaqişə gündəliyinin yenidən gündəmə gətirilməsi Cənubi Qafqazda formalaşmaqda olan sülh mühitinə mənfi təsir göstərə bilər.
Akif NƏSİRLİ