“Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır. Lord Kokerin sentyabr səfəri bu tərəfdaşlığa verdiyimiz önəmi bir daha göstərdi.
Bu il ilk birgə müdafiə kibertəlimimiz keçirildi və Böyük Britaniya ilə Azərbaycan arasında hərbi təlim əməkdaşlığı indiyədək görünməmiş səviyyəyə çatdı. Britaniya hərbi komandaları Azərbaycanda təlimlər keçirib, azərbaycanlı zabitlər isə Böyük Britaniyada Britaniya Ordusu və Kral Hərbi Dəniz Qüvvələrindən olan həmkarları ilə birlikdə təlim keçirlər.
Kibertəhlükəsizlik, əməliyyat imkanları və müdafiə sənayesi sahələrində genişlənən əməkdaşlıqla yanaşı, bütün bunlar indiyədək ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində həyata keçirdiyimiz ən iddialı proqramdır. Biz bu təməl üzərində irəliləyərək təlimlər və Britaniya təcrübəsindən yararlanan imkanlar vasitəsilə əməkdaşlığımızı dərinləşdirəcəyik.
Eyni zamanda, Azərbaycanın öz imkanlarının inkişafını dəstəkləyəcəyik”. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, təhlükəsizlik sahəsində əməkdaşlığımız müdafiə ilə məhdudlaşmır. “Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla, ağır mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq mühafizə orqanları ilə birlikdə çalışırıq”.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında vurğulayıb.
İradə SARIYEVA