Türkiyədə media qurumlarına qarşı əməliyyatlara daha biri əlavə olunub. Polis bu gün səhər saatlarında “Sözcü” media qrupuna daxil olan “Sözcü TV” telekanalında və “Sözcü.com.tr” internet saytında əməliyyat keçirib. Telekanalın binasında Terrorla Mübarizə İdarəsinin (TEM) əməkdaşları tərəfindən axtarış aparılıb.
Əməliyyat çərçivəsində “Sözcü” media qrupunun İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və “Sözcü TV”nin keçmiş baş direktoru Asım Akgülün saxlanıldığı bildirilir. Ümumilikdə dörd nəfər barəsində saxlanılma qərarı verildiyi qeyd olunur.
Məlumata görə, “Sözcü TV” və “Sözcü.com.tr”nin idarəçiliyinə qəyyum təyin edilib. Lakin “Sözcü” qəzeti, “Tavır” və “Korkusuz” nəşrlərinə qəyyum təyin olunmayıb.
Müxalifət partiyalarının rəhbərləri əməliyyata etiraz ediblər. YENİ Partiya lideri Özgür Özəl “Sözcü TV” və “Sözcü.com.tr”yə qəyyum təyin edilməsinə sərt reaksiya verib. O, sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, “Halk TV”dən sonra bu dəfə də “Sözcü TV”nin binasında polis əməkdaşları və qəyyum var.
Özəl hakimiyyətin ən kiçik tənqidə və həqiqətlərin ictimaiyyətə çatdırılmasına belə dözümsüzlük nümayiş etdirdiyini iddia edib. O, müxalifətin susmayacağını, qorxmayacağını və təslim olmayacağını vurğulayıb.
İYİ Partiyanın sədri Müsavat Dərvişoğlu da əməliyyata münasibət bildirib. O, sosial şəbəkədəki paylaşımında “Sözcü TV”yə qarşı əməliyyatı və idarəçiliyin ələ keçirilməsi cəhdini demokratiyaya, hüquqa, ədalətə və ictimaiyyətin məlumat almaq azadlığına qarşı yönəlmiş addım kimi qiymətləndirib.
Dərvişoğlu Türkiyədə həqiqətin səsinin susdurula bilməyəcəyini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl “Halk TV” telekanalına qarşı da əməliyyat keçirilmiş və onun idarəçiliyinə qəyyum təyin edilmişdi. İstanbul Baş Prokurorluğu telekanalın İdarə Heyətinin sədri Cafer Mahiroğlu barəsində “rüşvət”, “tenderlərə müdaxilə” və “cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” iddiaları üzrə araşdırma aparır.
İstintaq çərçivəsində Mahiroğlunun 2021-ci ildə İzmirdə yaratdığı BUSTECH Araç Bakım Onarım Hizmetleri AŞ şirkəti vasitəsilə bələdiyyədən qanunsuz tenderlər aldığı iddia olunur. Oktyabrın 14-də iş üzrə 17 nəfər barəsində saxlanılma qərarı verilib. İlk əməliyyat zamanı 11 nəfər saxlanılıb. Sonrakı mərhələdə 12 nəfərdən 4-ü həbs edilib, 8-i barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib.
Tahir TAĞIYEV