"Bloomberg" agentliyi Qazaxıstandakı bir volfram layihəsi ilə bağlı təfərrüatları açıqlayıb. Layihədə ABŞ Prezidenti Donald Trampın oğulları ilə əlaqəli olan "Cove Kaz Capital" adlı Amerika şirkəti iştirak edir. "Finmentor" kanalının rəhbəri, iqtisadçı Arman Batayev bildirib ki, Amerika tərəfi əvvəlcə yataqlarda böyük pay əldə etməyi planlaşdırıb; layihədən gözlənilən gəlirlər isə 840 milyon dollar həcmində qiymətləndirilib. Ekspert öz kanalında "Bloomberg"in Trampın oğullarının iştirak etdiyi volfram layihəsi ilə bağlı apardığı araşdırmanın əsas məqamlarını təqdim edib. Məlumatlar jurnalistlərin ABŞ İxrac-İdxal Bankından (Ex-Im Bank) əldə etdikləri 23 səhifəlik sənədə əsaslanır. Qeyd edək ki, həmin bank layihənin qismən maliyyələşdirilməsini həyata keçirməli idi. Sənədlərə görə, "Cove Kaz Capital" əvvəlcə o vaxt "Tau-Ken Samruk" şirkətinin nəzarətində olan "Severnıy Katpar" yatağında 75%-dən 100%-ə qədər pay əldə etməyi planlaşdırıb. Nəticədə, Amerika tərəfi 114,8 milyon dollar qarşılığında 70% paya sahib olub ki, bu da şirkətin ümumi dəyərinin 164 milyon dollar olaraq qiymətləndirildiyini göstərir. Layihəyə qoyulacaq ümumi investisiya 1,2 milyard dollar həcmində qiymətləndirilib və işlərin üç mərhələdə aparılması nəzərdə tutulub: birinci mərhələdə Karağandı vilayətindəki "Severnıy Katpar" yatağının işlənməsi (400–450 milyon dollar), ikinci mərhələdə emal zavodunun tikintisi (75–100 milyon dollar), üçüncü mərhələdə isə ikinci yatağın – "Verxniy Kayraktı"nın işlənməsi (550–650 milyon dollar). Bundan əlavə, təxminən iki il davam edəcəyi gözlənilən tikintiöncəsi hazırlıq işləri üçün 20 milyon dollar vəsait ayrılıb. Layihənin xalis cari dəyəri, yəni gözlənilən gələcək gəlirlərlə ilkin investisiyalar arasındakı fərq on dəfə artırılaraq yenidən qiymətləndirilib. "CSA Global" şirkətinin 2023-cü ildə apardığı qiymətləndirməyə əsasən, "Severnıy Katpar" yatağının xalis cari dəyəri (NPV) 84 milyon dollar təşkil edib. "Cove Kaz Capital" isə volfram qiymətlərinin artması və aşağı diskont dərəcəsini əsas gətirərək, bu rəqəmin 840 milyon dollara yüksəldiyini hesablayıb. Bu iki yatağın birlikdə, ABŞ-ın hazırda idxal etdiyi volframın 90%-ə qədərini təmin edəcəyi gözlənilirdi; belə ki, Şimali Katpar yatağından 5000 ton, Yuxarı Kayraktı yatağından isə 6000 ton volfram hasil edilməsi nəzərdə tutulurdu. Çinin qlobal volfram istehsalının 80%-nə nəzarət etdiyi nəzərə alınarsa, bu, ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir. Yataqların işlənməsi ilə bağlı əməliyyat xərclərinin, molibden, mis və bismut kimi əlavə metalların hasilatı hesabına qismən qarşılanması planlaşdırılırdı. "Cove Kaz Capital" şirkəti "Katpar" layihəsindən əlavə, öz törəmə müəssisələri olan "Akbulak REE Ltd." və "Kaz Critical Minerals" vasitəsilə digər ərazilərdə də nadir torpaq elementlərinin axtarışını aparmağı nəzərdə tuturdu. Sənədlərdə həmçinin qeyd olunur ki, ABŞ-ın İxrac-İdxal Bankı ("Ex-Im Bank") hələ 2025-ci ilin avqust ayında layihənin maliyyələşdirilməsi məsələsinə baxmağa və bu məqsədlə 900 milyon dollara qədər vəsait ayırmağa hazır olduğunu bildirmişdi. Bundan əlavə, bankın daxili bölmələrindən biri layihənin ABŞ iqtisadiyyatı üçün strateji əhəmiyyətini vurğulayaraq, bu barədə rəsmi məktub göndərilməsini tövsiyə etmişdi. Sənədlərdə həmçinin ABŞ Ticarət Departamentinin 2025-ci ilin mart ayına aid məktubuna istinad edilir; həmin məktubda həm Dövlət Departamentinin, həm də Ticarət Departamentinin yüksək vəzifəli rəsmilərinin layihəyə dəstək ifadə etdikləri bildirilir.
SAMİRƏ