Rumıniya hökuməti Qara dənizdə, Dunay çayının deltasına yaxın ərazidə üç kommersiya gəmisinin pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalmasına görə Rusiyanı ittiham edib.
Rumıniyanın Baş naziri Luka Nikulesku bildirib ki, hadisələr noyabrın 14-ü axşam saatlarında, Sulina limanı yaxınlığında baş verib.
Onun sözlərinə görə, insidentlərdən sonra Rumıniya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri havaya qaldırılıb. Müdafiə Nazirliyinin radar sistemləri sözügedən ərazidə hava hədəfləri aşkarlayıb.
Baş nazir qeyd edib ki, ölkənin müvafiq qurumları hadisələrlə bağlı daimi əlaqə saxlayır. Hazırda əsas prioritet dənizçilərin təhlükəsizliyinin təmin edilməsidir.
“Bu insidentlər qəbuledilməzdir və beynəlxalq hüququn pozulmasıdır. Onlar Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinin yaratdığı təhlükəsizlik vəziyyətinin pisləşməsini əks etdirir” – deyə Nikulesku bildirib.
Məlumata görə, Dunay deltasında hava hədəflərinin aşkarlanmasından sonra Rumıniya Hərbi Hava Qüvvələri iki dəfə qırıcı təyyarələri havaya qaldırıb.
Rumıniya hakimiyyəti müttəfiqləri ilə birlikdə Qara dənizdə təhlükəsizliyin gücləndirilməsi üçün bütün zəruri tədbirləri davam etdirəcəyini açıqlayıb. Bu istiqamət hökumətin əsas prioritetlərindən biri olaraq qalır. Buxarest regional tərəfdaşlar və NATO ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan mediası noyabrın 15-nə keçən gecə Sulina limanı yaxınlığında göyərtəsində 14 dənizçinin olduğu gəmiyə PUA hücumu edildiyini xəbər vermişdi. Bildirilib ki, hadisə bu gecə saat 02:00 radələrində “Palmali” şirkətinə məxsus “Alı Najafov” tankerində baş verib.
Gəmidə ümumilikdə 14 nəfər olub. Onlardan 13-nün Azərbaycan, birinin isə Türkiyə vətəndaşı olduğu bildirilir.
Hadisə şahidlərinin sözlərinə görə, heyət üzvlərinin operativ müdaxiləsi nəticəsində yanğının yük tanklarına keçməsinin və dizel yanacağının alışmasının qarşısı alınıb. Hazırda gəmi heyətinin təxliyə olunmasını gözlədiyi bildirilir.
Tahir TAĞIYEV