Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistanın KTMT-nin fəaliyyətində iştirak etməməsi göz qabağındadır və təşkilat bu vəziyyətə uyğun reaksiya verəcək. O, Nikol Paşinyanın gələcək addımlarının hələlik məlum olmadığını, lakin Ermənistanın təşkilatdan rəsmən çıxmaq əvəzinə onun fəaliyyətini boykot etməsinə KTMT-nin münasibət bildirəcəyini vurğulayıb.
KTMT Ermənistanın təşkilatın fəaliyyətini boykot etməsinə hansı formada reaksiya verə bilər? Mümkün cavab tədbirləri Ermənistanın Rusiya və digər KTMT üzvləri ilə münasibətlərinə, eləcə də ölkənin regional təhlükəsizlik maraqlarına necə təsir göstərə bilər?
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşması ilə bərabər Moskva ilə İrəvan arasında münasibətlərdə yeni gərginlik mərhələsi formalaşır. Rəsmi İrəvanın alternativ siyasi və iqtisadi tərəfdaşlar axtarması, eyni zamanda Qərb və region ölkələri ilə əməkdaşlığı genişləndirmək cəhdləri Rusiyanın Ermənistana münasibətində dəyişikliklərə səbəb ola bilər.
Əli Orucov: "Rusiya Ermənistanı əvvəlki kimi maraqlarını təmin edən tərəfdaş hesab edə bilməz"
Politoloq Əli Orucov sözügedən məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Moskvada Vladimir Putinin sədrliyi ilə keçirilən son KTMT toplantısında Ermənistanla bağlı bir sıra məhdudlaşdırıcı qərarlar qəbul edilib. Belə ki, Ermənistanın təşkilatda səsvermə hüququ və orqanlara nümayəndə göndərmək imkanları dayandırılıb, gələcəkdə əlavə tədbirlərin görülə biləcəyi ilə bağlı xəbərdarlıqlar edilib.
Onun sözlərinə görə, faktiki olaraq İrəvan KTMT-ni boykot edir və təşkilatın iclaslarında iştirakdan yayınır. Baş nazir Nikol Paşinyan da açıq şəkildə bəyan edib ki, bu təşkilat Ermənistan üçün maraqlı deyil və KTMT-dən çıxarılmaq ölkə üçün ciddi itki olmayacaq. Paşinyanın KTMT toplantıları ilə eyni vaxta təsadüf edən COP31 tədbirində iştirak etmək üçün Türkiyəyə səfər etməsi də müəyyən siyasi mesaj kimi qiymətləndirilə bilər. İrəvan bununla göstərmək istəyir ki, onun üçün hazırda yeni əməkdaşlıq formatlarının yaradılması və alternativ tərəfdaşların tapılması daha aktualdır.
Politoloq qeyd edib ki, Rusiya artıq Ermənistanın maraqlarını əvvəlki səviyyədə təmin edə bilmir, əksinə, müəyyən hallarda həmin maraqlar üçün təhdid mənbəyinə çevrilir. Bu səbəbdən Kreml İrəvana qarşı hərbi deyil, daha çox iqtisadi və siyasi təzyiq vasitələrindən istifadə edə bilər. Xüsusilə enerji və kənd təsərrüfatı sektorları belə təzyiqlərdən ciddi zərər görə biləcək sahələrdir.
Əli Orucovun fikrincə, Ermənistan enerji təchizatında Rusiyadan ciddi şəkildə asılıdır. Ölkənin təbii qaza olan tələbatının təxminən 80 faizi Rusiya hesabına ödənilir və bu qaz dünya bazarındakı qiymətlərlə müqayisədə xeyli aşağı qiymətə əldə olunur. Digər tərəfdən, Rusiya Ermənistanın kənd təsərrüfatı məhsulları üçün əsas satış bazarlarından biridir. Bu baxımdan Moskvanın iqtisadi təzyiqləri Ermənistanın həm enerji təminatına, həm də kənd təsərrüfatı məhsullarının ixracına mənfi təsir göstərə bilər. Məhz bu risklər İrəvanı alternativlər axtarmağa və yeni tərəfdaşlarla münasibətlərini genişləndirməyə sövq edir.
Politoloq hesab edir ki, Azərbaycanla yekun sülh sazişinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün yeni iqtisadi və siyasi imkanlar aça bilər. Bu proseslər başa çatarsa, yalnız Ermənistanın deyil, bütövlükdə regionun təhlükəsizliyi və iqtisadi inkişafı üçün mövcud olan bir sıra risklər aradan qalxa bilər. Regionda kommunikasiyaların açılması, ticarət əlaqələrinin genişlənməsi və qarşılıqlı iqtisadi asılılığın formalaşması uzunmüddətli sabitliyə xidmət edə bilər.
Akif NƏSİRLİ