Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerlə noyabrın 12-də Kremldə bir araya gəlib.
Rusiya mediasının məlumatına görə, görüş zamanı Putin Ukrayna ərazisində xarici hərbi kontingentlərin yerləşdirilməsinin Moskva tərəfindən müharibənin davamı kimi qiymətləndiriləcəyini bildirib.
Rusiya liderinin sözlərinə görə, Avropa ölkələri Moskvanın bu məsələdəki mövqeyindən xəbərdardır və Rusiya Ukraynada xarici qoşunların mövcudluğunu qəbuledilməz hesab edir.
Putin, həmçinin xəbərdarlıq edib ki, münaqişə zonasında “boz zonaların” saxlanılması əldə ediləcək razılaşmaların dayanıqlılığına xələl gətirə və uzunmüddətli sülhün təmin olunmasına mane ola bilər.
Rusiya Prezidenti ABŞ nümayəndələrindən danışıqlar prosesi ilə bağlı ABŞ lideri Donald Trampa təşəkkürlərini çatdırmağı xahiş edib. O, bildirib ki, Trampın dəstəyi olmasaydı Oleşki şəhərində humanitar əməliyyat mümkün olmayacaqdı. Putin əsirlərin mübadiləsi çərçivəsində humanitar sahədə daha bir böyük addımın atılacağını da açıqlayıb.
Bundan başqa, Putin Konstantinovkada təxminən 400–500 mülki şəxsin qaldığını iddia edib. Onun sözlərinə görə, Rusiya həmin insanların şəhərdən çıxarılması üçün humanitar missiyanın təşkilini təklif edir.
Putin Uitkoff və Kuşnerdən Əbu-Dabidə keçirilən danışıqların nəticələrini nəzərə alaraq, tərəflər arasında növbəti təmasların perspektivlərini də qiymətləndirmələrini istəyib.
Tahir TAĞIYEV