İsrailin Təhlükəsizlik Kabinetinin İrana qarşı mümkün hərbi əməliyyatla əlaqədar ordunun hazırlıq səviyyəsinin artırılması barədə göstəriş verdiyi bildirilir. Eyni zamanda, İsrail Baş Qərargah rəisi Eyal Zamir İordaniya sərhədindəki hərbi qüvvələrə mümkün gözlənilməz hadisələrə hazır olmaq tapşırığı verib.
İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, bir aydan artıqdır toplanmayan Təhlükəsizlik Kabineti ordunun İrana qarşı mümkün hücum ssenarisi üzrə hazırlıqları davam etdirməsini tələb edib.
İsrailin təhlükəsizlik mənbələri ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hücuma ehtiyac olmadığı barədə açıqlamasına baxmayaraq, ordunun mümkün hərbi əməliyyat ehtimalını nəzərə alaraq hazırlıqlarını davam etdirdiyini bildiriblər. Mənbələrin fikrincə, tərəflər arasında razılaşma əldə olunmaması və ya hərbi əməliyyatların yenidən başlanması indiyədək əldə edilmiş nəticələrin itirilməsi ilə nəticələnə bilər.
“Yedioth Ahronoth” qəzeti Təhlükəsizlik Kabinetinin bir aydan artıq fasilədən sonra bazar günü toplanacağını yazıb.
İsrail ordusunun yaydığı məlumata görə, Baş Qərargah rəisi Eyal Zamir yüksək rütbəli komandirlərlə birlikdə ölkənin şərq sərhədinə səfər edib. O, İordaniya ilə sərhəd boyunca yerləşən hərbi postlara və tikintisi davam edən müdafiə maneələrinə baxış keçirib.
Səfər zamanı bölgədəki hərbi vəziyyət müzakirə olunub. Zamir hərbi hazırlığın gücləndirilməsi barədə göstəriş verdiyini və ordunun sərhəd ərazilərində, eləcə də yaşayış məntəqələrindən kənarda mövcudluğunun artırıldığını bildirib.
Baş Qərargah rəisi İordan vadisinin İsrailin təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayaraq ordunun sürətli dəyişikliklərə və gözlənilməz hadisələrə hazır olmasının vacibliyini qeyd edib. O, mümkün təhlükələrin xarakteri barədə əlavə məlumat verməyib.
İsrail mətbuatının məlumatına görə, İrana mümkün yeni hücum məsələsinin gündəmə gəldiyi bir vaxtda 27 oktyabr seçkilərindən sonra hökuməti formalaşdırmaq mandatı alan Yaşar Partiyasının lideri Qadi Ayzenkot müvəqqəti baş nazir Benyamin Netanyahunu təcili zərurət olmadığı halda hərbi əməliyyatlardan çəkinməyə çağırıb.
Netanyahunun ofisi isə Ayzenkotu təhlükəsizlik məsələlərində məsuliyyətsiz davranmaqda ittiham edib.
Tahir TAĞIYEV