Ukraynada müharibənin başa çatdırılması ilə bağlı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların ilk günündə Rusiya nümayəndə heyəti NATO-ya qarşı bir sıra məhdudiyyətlərin tətbiqini tələb edib. Moskvanın irəli sürdüyü tələblərə alyansın gələcəkdə genişlənməsindən imtina edilməsi, 1997-ci ildən sonra NATO-ya üzv olmuş ölkələrdə hərbi mövcudluğunun azaldılması, həmçinin alyansın Ukrayna və digər postsovet dövlətləri ilə hərbi əməkdaşlığının məhdudlaşdırılması daxildir.
“RBK-Ukrayna” danışıqlarda iştirak edən mənbələrə istinadən bildiri ki, Kreml nümayəndə heyətinə rəhbərlik edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bu tələbləri Rusiyanın təhlükəsizlik təminatlarına ehtiyacı ilə əsaslandırıb. Moskvanın mövqeyinə görə, söhbət Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasına dair təkliflərdən gedir. Rusiya Prezidenti Putin bu təşəbbüsləri hələ 2022-ci ilin qışında ABŞ-ın 46-cı prezidenti Co Baydenlə dialoq zamanı gündəmə gətirməyə çalışmışdı.
Əbu-Dabi görüşündən əvvəl “The Telegraph” nəşri yazmışdı ki, Putin BƏƏ-dəki danışıqları NATO-nu şərqə doğru genişlənməkdən imtina etməyə və alyansın əsas hərbi infrastrukturunu 1997-ci il sərhədlərinə qaytarmağa məcbur etmək üçün fürsət hesab edir.
Moskva analoji şərtləri 2021-ci ilin dekabrında, Ukraynaya genişmiqyaslı hücumdan bir neçə həftə əvvəl də NATO-ya təqdim etmişdi. Həmin vaxt Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov alyansı Rusiyanı sıxışdırıb çıxarmağa və onu tabeli vəziyyətə salmağa çalışmaqda ittiham etmiş, NATO-dan hərbi qüvvələrini bölgədən çıxarmasını tələb etmişdi.
“The Telegraph”ın mənbələri bu şərtlərin Şimali Atlantika Alyansı üçün qəbuledilməz olduğunu vurğulayıblar. NATO-nun 1997-ci il sərhədlərinə qayıtması hazırda alyansın 32 üzvündən ən azı 16-sında hərbi qüvvələrin və silahların geri çəkilməsini nəzərdə tutur. Bu ölkələr sırasına Varşava Müqaviləsi Təşkilatının keçmiş üzvləri, Baltikyanı dövlətlər, keçmiş Yuqoslaviyanın parçalanmasından yaranmış altı respublikadan dördü, həmçinin Albaniya, Finlandiya və İsveç daxildir.
Bundan əvvəl Əbu-Dabidə keçirilən danışıqlarda Rüstəm Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ-ın Donetsk və Luqansk vilayətlərinin sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini qəbul etməyib. Kiyev, eyni zamanda, müharibə başa çatdıqdan sonra 10 il ərzində 800 min nəfərlik ordunun saxlanılması üçün müttəfiqlərindən maliyyə dəstəyi istəyib.
Avropa İttifaqı nümayəndələri isə Rusiya ilə Soyuq müharibə dövründəki təcrübəyə əsaslanan hərbi münaqişələrin qarşısının alınması mexanizmlərinin bərpasını müzakirə etməyə hazır olduqlarını bildiriblər. Həmçinin ABŞ-la birlikdə Avropa qitəsində təhlükəsizlik mexanizmlərinin yenidən nəzərdən keçirilməsi təklif olunub.
ABŞ nümayəndə heyəti isə öz növbəsində hərbi əməliyyatlar başa çatacağı təqdirdə Ukraynaya NATO müqaviləsinin müvafiq maddələrinə bənzər təhlükəsizlik təminatlarının verilməsinə razılıq verməsi üçün Putinə təklif irəli sürüb.
Beləliklə, Əbu-Dabi danışıqlarında yalnız Ukraynanın ərazi məsələsi deyil, həm də Avropanın gələcək təhlükəsizlik sistemi və NATO-nun regiondakı hərbi mövcudluğu ilə bağlı prinsipial fikir ayrılıqları ön plana çıxıb.
Tahir TAĞIYEV