ABŞ-ın keçmiş prezidenti Co Bayden İrlandiyanın paytaxtı Dublinə səfəri zamanı Fələstinə dəstək verən etirazçıların hədəfinə çevrilib. Nümayişçilər onun üzərinə süd paketləri və müxtəlif əşyalar atıblar.
“The Telegraph” qəzetinin məlumatına görə, insident çərşənbə axşamı Baydenin Dublindəki Triniti Kollecinə səfəri zamanı baş verib. Keçmiş prezident kollecdə təşkil olunan mükafatlandırma mərasimində iştirak edib. Tədbir çərçivəsində onun oğlu Hanter Baydenə ictimai müzakirələrə verdiyi töhfəyə görə kollecin Tarix Cəmiyyətinin qızıl medalı təqdim olunub.
Mərasimlə əlaqədar kollecin qarşısında toplaşan Fələstin tərəfdarı fəallar Baydenə etirazlarını süd paketləri və digər əşyalar atmaqla ifadə ediblər.
“The Telegraph”ın yaydığı məlumata görə, aksiya zamanı nümayişçilər “Əlləriniz qan içindədir”, “Sizə ayıb olsun” və “Soyqırımçı Co” şüarları səsləndiriblər. Etirazçılar bununla Bayden administrasiyasının İsrailə münasibətdə siyasətinə və Qəzza zolağındakı müharibə ilə bağlı mövqeyinə etirazlarını bildiriblər.
Hadisə yerində polis əməkdaşları təhlükəsizliyi təmin etməyə çalışıblar. Qarşıdurma zamanı azı iki nəfərə bibər qazı tətbiq edilib və onlar polis tərəfindən saxlanılıblar.
Tahir TAĞIYEV