2026-cı ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qazma işlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 74.3 faiz artıb. Məlumata görə, bu ilin üçüncü rübündə SOCAR 21 min metrdən çox qazma işi həyata keçirib və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 74.3 faiz çoxdur.
O da bildirilir ki, 2026-cı ilin üçüncü rübündə Azərbaycanda SOCAR üzrə 6.6 milyon ton xam neft hasil edilib. Bir qədər əvvəl isə Energetika Nazirliyi 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumilikdə 19.9 milyon ton neft (kondensatla birlikdə) hasil edildiyini açıqlamışdı. Həmin həcmə SOCAR-la yanaşı, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və "Abşeron" yataqlarından əldə olunan hasilat da daxil idi. Bununla da neft hasilatının ötən ilin eyni dövrü ilə müqayisədə 3.86 faiz azaldığı bildirilirdi.
Bu il Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Azərbaycanın "qara qızıl"ı 70 faizdən çox bahalaşıb. Amma son illər Azərbaycanda neft hasilatı kəskin azalıb. Belə ki, 2010-cu ildə 50.83 milyon ton olan bu rəqəm ötən il 28 milyon tona belə çatmayıb. İqtisadçılar hesab edirlər ki, Azərbaycan hökuməti qazma işlərini artırmaqla yanaşı, real iqtisadi şaxələndirməyə diqqəti gücləndirməlidir.
Ramil QULİYEV