Akif Nəsirli: “Səbəb manatla əmanətlər üzrə faizlərin dollar əmanətləri ilə müqayisədə daha yüksək olmasıdır”
2026-cı ilin ötən dövründə Azərbaycanın valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tendensiya özünü həm nağd, həm də qeyri-nağd seqmentdə aydın büruzə verib. Mərkəzi Bankın oktyabrın 29-da yaydığı məlumatda deyilir:
“2026-cı ilin 9 ayında mübadilə məntəqələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi satışı 759 milyon ABŞ dolları qədər üstələyib. Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi son bir ildə 3.3 faiz bəndi azalaraq, 2026-cı ilin sentyabrında 25.7 faizə enib”.
Mərkəzi Bank əlavə edib ki, valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı bir şəraitdə qurum valyuta alışları həyata keçirib: “9 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 33.4 faiz artaraq 15.4 milyard ABŞ dollarına yüksəlib”.
Maraqlıdır, Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi niyə getdikcə azalmağa doğru gedir? Bunun səbəbi nə ilə bağlıdır?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli baki-xeber.com-a açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsinin azalmasının əsas səbəbi əhalinin milli valyutaya inamının nisbətən artması və manatla əmanətlərin daha sərfəli olmasıdır. Son illər manatın məzənnəsinin sabit qalması və dolların bahalaşacağı ilə bağlı gözləntilərin zəifləməsi vətəndaşların xarici valyutada pul saxlamaq marağını azaldıb. Digər mühüm amil manatla əmanətlər üzrə faizlərin dollar əmanətləri ilə müqayisədə daha yüksək olmasıdır. Vətəndaşlar manatla depozit yerləşdirməklə daha çox gəlir əldə edə bilirlər. Bu da xüsusilə bank əmanətlərindən gəlir götürmək istəyən əhali üçün milli valyutanı cəlbedici edir. Bununla yanaşı, ölkəyə valyuta daxilolmalarının davam etməsi, valyuta bazarında təklifin tələbi üstələməsi və Mərkəzi Bankın bazara müdaxilə edərək dollar alması manatın məzənnəsinin sabitliyini dəstəkləyir. Əhali də bu sabitliyi müşahidə etdikcə dollar almağa əvvəlki qədər ehtiyac duymur.
Ancaq dollarlaşmanın azalmasını tam şəkildə milli valyutaya uzunmüddətli etimadın formalaşması kimi qiymətləndirmək düzgün olmazdı. Çünki manatın məzənnəsinin sabitliyi, ilk növbədə, ölkənin valyuta gəlirlərindən və mövcud iqtisadi şəraitdən asılıdır. Yəni dollarlaşmanın azalması müsbət tendensiyadır, lakin bunun davamlı olması üçün iqtisadiyyatın şaxələndirilməsi, inflyasiyanın aşağı salınması və milli valyutada uzunmüddətli yığımların real dəyərinin qorunması vacibdir”.
Vidadi ORDAHALLI