Turan Rzayev: “AKP iqtidarı Abdullah Öcalanın azadlığa buraxılmasında maraqlıdır”
Türkiyənin DEM Partiyasının Şanlıurfa millət vəkili və İmralı heyətinin üzvü Mithat Sancar PKK lideri Abdullah Öcalanın İmralı adasında onun üçün hazırlanmış yeni iqamətgahına köçdüyünü açıqlayıb.
Bəs Baxçalının dediyi status məsələsi həll olundumu?
Ekspertlərə görə, məsələ Türkiyədə hazırda müzakirə olunan Abdullah Öcalanın İmralı adasında yeni yerə köçürülməsi ilə onun siyasi statusu arasında mümkün əlaqədir.
Ekspertlər qeyd edirlər ki, ilk növbədə, bir məqamı dəqiqləşdirmək lazımdır: Öcalanın yeni yerə köçürülməsi faktı təsdiqlənsə də, onun siyasi və ya hüquqi statusunun dəyişdirilməsi barədə rəsmi qərarın qəbul olunduğunu göstərən məlumat yoxdur.
Məhz bu fərq məsələnin siyasi mahiyyətini anlamaq üçün vacibdir.
Ekspertlərə hesab edirlər ki, İmralıdakı köçürülmə Türkiyənin siyasi gündəmində yeni suallar doğurur. Öcalanın yeni yerə yerləşdirilməsi onun statusu ilə bağlı müzakirələrə son qoyur, yoxsa daha böyük siyasi razılaşmanın başlanğıcıdır?
Ekspertlər qeyd edirlər ki, Abdullah Öcalanın İmralı adasında yeni yerə köçürülməsi ilə bağlı məlumat noyabrın 1-də ictimaiyyətə açıqlanıb. DEM Partiyasının İmralı heyətinin üzvü Mithat Sancar bildirib ki, Öcalan yeni yerə keçib. Sancar bu addımın siyasi prosesin sürətlənməsinə təkan verməli olduğunu vurğulayıb.
Bu hadisənin diqqətçəkən tərəfi isə MHP lideri Dövlət Baxçalının bundan əvvəl səsləndirdiyi fikirlərlə əlaqəlidir.
2026-cı il sentyabrın 11-də jurnalist Nagehan Alçı Baxçalı ilə görüşündən sonra açıqlama verərək bildirmişdi ki, İmralı adasında Öcalan üçün həyətə malik, normal yaşayış şəraiti yaradan, ev komfortu təqdim edən bir məkan inşa edilib.
Baxçalının sözlərinə görə, Öcalan həmin yerə köçməkdən imtina edirdi. Səbəb isə onun status tələb etməsi idi.
Baxçalı həmçinin Öcalanın Çərçivə Qanununun həyata keçirilməsini və müvafiq komissiyaların fəaliyyətə başlamasını gözlədiyini bildirmişdi.
Beləliklə, Baxçalının açıqlamasından belə bir nəticə çıxarmaq mümkün idi: Öcalan yeni yaşayış yerinə keçməzdən əvvəl siyasi status məsələsində müəyyən irəliləyiş əldə edilməsini istəyir.
Elspertlər deyirlər ki, ancaq indi ortaya yeni vəziyyət çıxıb: Öcalan həmin yerə köçüb.
Ekspertlər “status məsələsi həll olunubmu?” məsələsinə diqqət çəkirlər.
Bəzi ekspertlərə görə, burada tələsmədən nəticə çıxarmaq lazımdır. Çünki noyabrın 1-də DEM Partiyasının İmralı heyətinin üzvü Pervin Buldan məsələyə münasibət bildirərək açıq şəkildə vurğulayıb ki, Öcalanın yeni yerə köçməsi onun statusunun dəyişməsi demək deyil.
Buldanın sözlərinə görə, bu məkan həbsxananın daxilində yerləşir və Öcalanın yaşayış və iş şəraitini yaxşılaşdırmağa xidmət edir. Onun siyasi statusu isə ayrıca məsələdir.
Buldan həmçinin Öcalanın prosesdə “Barış və Siyasallaşma Koordinatoru” kimi fəaliyyət göstərmək istədiyini, lakin bu istiqamətdə hələ rəsmi qərarın qəbul edilmədiyini bildirib.
Ekspertlərin fikrincə, bu açıqlama mühüm bir məqamı ortaya qoyur: Öcalanın yeni yerə köçməsi ilə onun siyasi statusunun müəyyənləşdirilməsi eyni prosesin fərqli mərhələləri ola bilər.
2026-cı il sentyabrın 4-də Türkiyə mətbuatında yayılan məlumatlarda AK Parti mənbələrinə istinadən Öcalana rəsmi status verilməsinin nəzərdə tutulmadığı bildirilirdi.
Həmin məlumatlarda qeyd olunurdu ki, Öcalan silahsızlanma prosesinə ehtiyac yarandıqda töhfə verə bilər, lakin bu, onun dövlət komissiyasının rəsmi üzvü və ya xüsusi status sahibi olması anlamına gəlməyəcək.
Bəzi ekspertlərin fikrincə, bu məlumatı nəzərə alsaq, hazırkı mərhələdə AK Parti iqtidarının Öcalana xüsusi siyasi status vermək barədə qərar qəbul etdiyini söyləmək üçün əsas yoxdur.
Bununla belə, prosesin siyasi xarakterini də nəzərdən qaçırmaq olmaz.
Türkiyədə “Terörsüz Türkiye” adı altında aparılan prosesdə Öcalanın PKK üzərindəki təsiri və silahsızlanma məsələsində oynaya biləcəyi rol müzakirə olunur. Onun İmralıdakı şəraitinin dəyişdirilməsi də bu siyasi prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Öcalanın statusu hansı istiqamətdə dəyişə bilər?
Burada üç mümkün istiqamət üzərində dayanmaq olar.
Birinci ehtimal: Öcalanın statusu dəyişmədən yalnız həbsxana şəraiti yaxşılaşdırılır. Bu, hazırda açıqlanan məlumatlarla ən çox uyğun gələn variantdır.
İkinci ehtimal: Öcalana silahsızlanma və siyasi dialoq prosesində qeyri-rəsmi, lakin faktiki koordinasiya rolu verilir. Belə bir mexanizm onun rəsmi dövlət vəzifəsi almadan prosesə təsir göstərməsinə imkan yarada bilər.
Üçüncü ehtimal: Türkiyədə gələcəkdə Öcalanın hüquqi vəziyyətini dəyişdirən, “ümid hüququ” və ya başqa hüquqi mexanizmlərlə bağlı daha geniş siyasi qərarlar qəbul edilir. Lakin bu, hazırda təsdiqlənmiş fakt deyil, mümkün siyasi ssenaridir.
Baxçalının əvvəlki açıqlaması ilə Öcalanın yeni yerə köçürülməsi arasında zahiri ziddiyyət görünür. Bahçeli status məsələsini köçürülmənin ləngiməsinin səbəbi kimi göstərmişdi. İndi isə köçürülmə baş verib.
Ancaq bu, mütləq status məsələsinin həll edildiyi anlamına gəlmir. Əksinə, DEM Partiyasının nümayəndələri də statusun hələ müəyyənləşdirilmədiyini bildirirlər.
Bəzi ekspertlərin qənaətinə görə, İmralıdakı köçürülmə Türkiyə dövlətinin Öcalanla bağlı siyasətində müəyyən yumşalmanın və yeni mərhələnin göstəricisi ola bilər, amma onun siyasi statusunun dəyişdirildiyini söyləmək hələ tezdir.
Burada əsas məsələ Öcalanın hansı iqamətgahda yaşaması deyil, Türkiyə dövlətinin ona gələcəkdə hansı siyasi və hüquqi rol verməyə hazırlaşmasıdır.
Ekspertlər hesab edirlər ki, hazırkı şəraitdə ən mühüm sual da budur: Türkiyə iqtidarı Öcalanı yalnız silahsızlanma prosesinə təsir göstərən şəxs kimi
saxlamaq istəyir, yoxsa gələcək siyasi dialoqda daha geniş rol oynayan fiqura çevirməyi düşünür?
Ekspertlər qeyd edirlər ki, bu suala cavab vermək üçün növbəti mərhələdə AK Parti iqtidarının, Baxçalının və Türkiyə dövlətinin rəsmi açıqlamalarını izləmək lazımdır.
Türkiyə tərəfdən hər hansı bir rəsmi açıqlama gəlməməsi səbəbindən mühüm suallardan biri açıq qalır-AK Parti iqtidarı Öcalana status verməyə hazırlaşır?
Politoloq Turan Rzayev baki-xeber.com-a bildirdi ki, bu məsələ Baxçalının məlum açıqlamasından sonra gündəmə gəlib: “İlk növbədə qeyd edim ki, PKK lideri üçün İmralı adasında yeni yaşayış binasının tikilməsi barədə məlumatlar avqust ayında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının açıqlamasından sonra gündəmə gəlmişdi. Baxçalı həmin vaxt Öcalanın “status” istədiyi üçün hələlik yeni evə köçməyə razılıq vermədiyini bildirmişdi. Mithat Sancar isə həmin dövrdə Öcalanın köçməsi ilə bağlı yayılan məlumatları təkzib etmişdi.
Əslində, vəziyyət kifayət qədər sadədir. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidarı Abdullah Öcalanın azadlığa buraxılmasında maraqlıdır. Sadəcə, bunun cəmiyyətdə ciddi narazılıq yaradacağından və siyasi rəqiblərinin seçkilərdə bu məsələni hakimiyyətin əleyhinə istifadə edəcəyindən ehtiyatlanır. Məhz buna görə də proses yavaş-yavaş həyata keçirilir. Əsas məqsəd cəmiyyəti bu qərara mərhələli şəkildə hazırlamaq və baş verənləri tədricən qəbul etdirməkdir”.
T.Rzayev qeyd etdiyinə görə, sosial şəbəkələrdə yayılan fotolardan da görünür ki, Abdullah Öcalanın şəraitinin yaxşılaşdırılması adı altında, sözün əsl mənasında, onun üçün villa inşa edilib. “Formal olaraq həbsdə saxlanılsa da, yaradılan şərait daxilində o, bir çox Türkiyə vətəndaşından daha komfortlu yaşayacaq.
AKP iqtidarının yol verə biləcəyi ən böyük siyasi səhvlərdən biri məhz Abdullah Öcalanın azadlığa buraxılması olacaq. Bunu nə qədər “Terrorsuz Türkiyə” adlandırılan Sülh və Demokratik Cəmiyyət Prosesi çərçivəsində həyata keçirdiklərini bəyan etsələr də, Öcalanın azadlığa buraxılması həm AKP hakimiyyətinin nüfuzuna ciddi zərbə vura, həm də Türkiyənin gələcək perspektivdə qarşısında yeni və ciddi problemlər yarada bilər.
Terrorçu başı Abdullah Öcalandan sülh və barış gözləmək qədər absurd bir yanaşma yoxdur. Söhbət təkcə seçkilərdə bir qədər çox səs qazanmaq naminə onilliklər ərzində aparılmış mübarizənin və əldə olunmuş nəticələrin heçə sayılması riskindən getmir”. T.Rzayev vurğuladı ki, əslində, bu addım Türkiyənin uzun illər apardığı antiterror siyasətinin mahiyyətinə və nəticələrinə də ciddi suallar yarada bilər. “Abdullah Öcalanın əlində təkcə türklərin deyil, kürdlərin də qanı var. O, faktiki olaraq, bu gün daha qabarıq şəkildə özünü göstərən türk-kürd qütbləşməsinin dərinləşməsində və münasibətlərin indiki həddə çatmasında mühüm rol oynamış şəxslərdən biridir. Öcalanın azadlığa buraxılması və ya saxlanma şəraitinin bu şəkildə yaxşılaşdırılması onun tərəfdarları arasında qəhrəmanlaşdırılmasına, bir simvola çevrilməsinə gətirib çıxara bilər.
Təcrübə göstərir ki, terrorçuların və separatçıların yeri həbsxanadır!”-deyə T.Rzayev bildirdi.
İradə SARIYEVA