Böyük Britaniyanın Baş naziri Endi Börnhem transatlantik kölə ticarətinə görə Britaniya dövləti adından rəsmi üzr istəmək ehtimalını nəzərdən keçirməyə hazır olduğunu, lakin təzminatı ödəməyi istisna etdiyini bildirib.
Onun bu açıqlaması Kral III Çarlzın Karib hövzəsinə səfəri və Antiqua və Barbudada keçiriləcək Birlik sammiti fonunda verilib. “The Guardian” qəzeti yazır ki, Börnhem kölə ticarətindən təsirlənən insanlar və icmalarla dialoq başlatmağı təklif edib.
O, rəsmi üzr istənilməsi tələblərinin müzakirəsinin bu prosesin vacib bir hissəsi olacağını deyib. Lakin baş nazir maliyyə təzminatı ideyasını rədd edib və bildirib ki, kölə ticarətində şəxsən iştirak etməyən hazırkı Britaniya vətəndaşları buna görə maliyyə məsuliyyəti daşımamalıdırlar.
Börnhem mövqeyi Britaniya hakimiyyətinin yanaşmasında əhəmiyyətli bir dəyişikliyə işarə edir. London əvvəllər həm rəsmi üzr istəmək, həm də təzminat tələblərini ardıcıl olaraq rədd edib.
Barbados Baş naziri Mia Mottley britaniyalı həmkarının üzr istəmək ehtimalını müzakirə etmək istəyini alqışlayıb. Yamayka Baş naziri Endryu Holness də dialoqun başlanmasını dəstəkləyərək, açıq müzakirənin mürəkkəb məsələlərin həlli üçün yaxşı başlanğıc nöqtəsi olduğunu qeyd edib.
Karib dövlətləri illərdir ki, Britaniyanın kölə ticarətinə görə məsuliyyətini tanımağa çalışırlar. Milyonlarla afrikalı zorla Atlantik okeanından Amerikaya aparılıb və orada plantasiyalarda qəddar şərtlər altında işləməyə məcbur edilib və əsas hüquqlarından məhrum ediliblər.
Bu yaxınlarda Baham adalarına səfəri zamanı III Çarlz keçmişin əzabları və ədalətsizlikləri barədə açıq danışmağın vacibliyini etiraf edib. Bu arada, təzminat iddiaları müzakirə mövzusu olaraq qalır. Yamayka bu yaxınlarda məsələni Britaniyanın ən yüksək apelyasiya məhkəməsinə göndərib.
Tahir TAĞIYEV