Amerikalı milyarder iş adamı Elon Mask Demokratların 2028-ci il seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ın təkpartiyalı dövlətə çevriləcəyi barədə xəbərdarlıq edib və seçiciləri Respublikaçıları dəstəkləməyə çağırıb. Mask bunun Amerika üçün "oyunun sonu" demək olacağını bildirib.
Mask, X sosial media platformasında verdiyi açıqlamada, Demokratların Nümayəndələr Palatasına, Senata və 2028-ci ildə keçiriləcək prezident seçkilərinə tam nəzarəti ələ keçirmə ehtimalı ilə bağlı narahatlıqlarını ifadə edib.
Mask iddia edib ki, belə bir siyasi ssenari ortaya çıxsa, Demokratlar radikal addımlar atacaqlar. O, Vaşinqton və Puerto Rikoya dövlət statusu verilərək Senatda daimi çoxluğun hədəflədiyini, sərhədlərin tamamilə açılaraq ölkədə qanunsuz yaşayan hər kəsə qanuni status verəcəyini iddia edib.
Mask həmçinin məhkəmə sistemində üstünlük əldə etmək məqsədilə Ali Məhkəmə hakimlərinin sayının artırılacağını iddia edərək, bu prosesin ABŞ-ı daimi təkpartiyalı dövlətə çevirəcəyini və ölkədə demokratiyanın sonunu gətirəcəyini bildirib.
Mask qeyd edib ki, bu ssenarinin baş verməməsi üçün 2029-cu ildə ən azı 51 respublikaçı senator vəzifədə olmalıdır. O, seçiciləri 3 noyabr seçkilərində respublikaçı namizədləri dəstəkləməyə çağırıb. Yazısına əlavə etdiyi qeyddə isə Mask bu vəziyyətin Amerika üçün "oyunun sonu" demək olduğunu bildirib.
Tahir TAĞIYEV