ABŞ rəsmiləri və digər məlumatlı mənbələrə görə, Amerika prezidenti Donald Tramp İrana hərbi hücum üçün bir neçə ssenarini nəzərdən keçirib. Bu barədə "The Wall Street Journal" qəzeti məlumat verir. Amerika lideri ilə görüşdə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəisi admiral Bred Kuper, hərbi katib Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn iştirak edib.
Qeyd olunur ki, Admiral Kuper prezidentlə nadir hallarda şəxsən görüşür. Bundan öncəki üzbəüz görüş iyul ayında baş tutub. Daha əvvəl bildirildiyi kimi, Yaxın Şərqdə İsrail, ABŞ və İranın iştirak etdiyi yeni böyük bir münaqişə ilə bağlı qorxular artır. Tehrana qarşı birgə əməliyyat hazırlıqları ilə bağlı xəbərlər fonunda mümkün hücumun vaxtına və Donald Tramp və Benyamin Netanyahunun qərarlarına təsir göstərə biləcək üç amil müəyyən edilib. ABŞ prezidenti üçün aralıq seçkilər xüsusi əhəmiyyət kəsb edir: onların nəticələri Konqresdə güc balansını müəyyən edəcək və Ağ Evin prezidentlik müddətinin qalan iki ilində daxili və xarici siyasət həyata keçirmək qabiliyyətinə təsir edəcək. Bundan başqa, ABŞ, İrana qarşı əməliyyatların mümkün bərpasına hazırlıqlar fonunda, İsrail də daxil olmaqla, Yaxın Şərqə böyük miqdarda hərbi təchizat daşınmasına başlayıb. Yerləşdirmə İsrail seçkilərindən bir neçə saat sonra, son 24 saat ərzində başlayıb. Bu, Vaşinqtonun Fars körfəzi ölkələrini Tehranla mümkün hərbi əməliyyatların yenidən başlamasına hazırlaşmaq barədə xəbərdar etməsindən sonra baş verib. Təyyarələrin bəziləri ABŞ ordusunun ən böyük hava hücumundan müdafiə mərkəzlərindən birinin yerləşdiyi və tutucu və zenit raket sistemləri inkişaf etdirən Texasdan havaya qalxıb. Bu, İsrailin hava hücumundan müdafiə ehtiyatlarının artırılmasını və “Patriot”lar da daxil olmaqla əlavə sistemlərin çatdırılmasının mümkünlüyünü göstərə bilər. Son saatlarda ABŞ Hərbi Hava Qüvvələrinin hərbi nəqliyyat təyyarələri də İordaniya, Səudiyyə Ərəbistanı və Qətərdəki hərbi bazalara çatıb.
Bu arada isə İran Yaxın Şərqdəki münaqişəyə son qoymaq və strateji əhəmiyyətli Hörmüz boğazını yenidən açmaq planını vasitəçilərlə müzakirə etdiyini bildirib. Tehran, həmçinin, İsrailə xəbərdarlıq edərək, ölkəyə qarşı hər hansı hücumun "dağıdıcı" iqtisadi nəticələrə yol aça biləcəyini vurğulayıb. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran müharibəni dayandırmaq və mühüm su yolunu yenidən açmaq üçün yeddi günlük planı müzakirə etməklə diplomatiyaya uğur qazanmaq şansı verir: "Biz yeddi günlük planımızı bir həftədən də az müddətdə gerçəkləşdirəcək ideyaları nəzərdən keçirmək üçün vasitəçilərlə sıx və davamlı təmasdayıq". Əraqçi bundan əvvəl bildirmişdi ki, Yaxın Şərqdə atəşkəs də daxil olmaqla, zəruri şərtlər yerinə yetirilərsə, boğaz yeddi gün ərzində yenidən açılacaq. İran həmçinin xaricdə dondurulmuş aktivlərinin qaytarılmasını, neft sektoruna sanksiyaların ləğvini və ABŞ-nin dəniz blokadasına son qoyulmasını tələb edib. ABŞ prezidenti Donald Tramp İranın ötən ay irəli sürdüyü bu planı artıq rədd edib. Bu arada, Binyamin Netanyahunun İsrailin müvəqqəti baş naziri vəzifəsində qalacağı gözlənilir. Onun rəhbərlik etdiyi sağçı blok parlamentdə çoxluğu itirsə də, koalisiya danışıqları müddətində və ya gələn il keçirilə biləcək növbəti seçkilərədək müvəqqəti baş nazir postunu qoruyub saxlayacaq. Ekspertlərin fikrincə, Netanyahu İrana qarşı yeni bir hücuma başlamaq səlahiyyətinə də sahib olacaq. Əraqçi bu cür hücumlarla bağlı xəbərdarlıq edib: "İsrailin təhriki ilə Fars körfəzi regionunda istənilən hərbi avantüranın beynəlxalq bazarlara göstərəcəyi dağıdıcı təsir həm qaz təchizatçılarını, həm də istehlakçıları ciddi narahat edir".
Tahir TAĞIYEV