Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva aşağı Yer orbitində peyk qruplaşmalarının yaradılması və fəaliyyəti ilə bağlı amerikalı tərəfdaşları, o cümlədən İlon Maskla sıx əlaqə saxlayır. Onun sözlərinə görə, siyasi fikir ayrılıqlarına baxmayaraq, tərəflər Kosmosda qarşılıqlı maneələrin qarşısını almaq, nizam-intizamı və əməkdaşlığı qorumaq üçün birgə işləyirlər.
Putin İlon Maskı “dahi insan” adlandırıb və onun orbitdə 5 mindən çox peykinin olduğunu qeyd edib. Rusiya isə bu sahədə müstəqil şəkildə ilk addımlarını atdığını vurğulayıb.
İlon Maskın Rusiya ilə Kosmos sahəsində əməkdaşlıq etdiyinin açıqlanması ABŞ-Rusiya münasibətlərinin əsl mahiyyəti barədə hansı sualları gündəmə gətirir? Tramp administrasiyasına yaxınlığı ilə tanınan Maskın Moskva ilə əlaqələri, Vaşinqtonla Kreml arasında siyasi qarşıdurmaya baxmayaraq, müəyyən sahələrdə əməkdaşlığın davam etdiyini göstərirmi? ABŞ və Rusiya bir-birini strateji rəqib hesab etdiyi halda, bu cür əməkdaşlığı necə izah etmək olar: tərəflər həqiqətən düşməndirlər, yoxsa siyasi ritorikadan kənarda ortaq maraqlarını qorumağa çalışırlar?
Xaqani Cəfərli: "Qonşuya ümid olan şamsız qalar"
Politoloq Xaqani Cəfərli "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Rusiya özünü Sovet İttifaqının varisi elan etsə də, kosmik sahədə əvvəlki mövqelərini çoxdan itirib və ABŞ-la rəqabətdə geri qalır.
Onun sözlərinə görə, hazırda Kosmosda əsas rəqabət ABŞ və Çin arasında gedir. Son illərdə Hindistan da bu yarışa qoşulub və mühüm uğurlar əldə edib. Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya kosmik aparat endirən dördüncü ölkə olub, Ayın cənub qütbünə isə ilk dəfə Hindistan aparatı enib. Xaqani Cəfərli hesab edir ki, Rusiya kosmik tədqiqatlar sahəsində Hindistandan da geri qalır və artıq bu sahədə autsayderlər sırasında yer alır.
Politoloqun fikrincə, Rusiya kosmik sahədəki geriliyini İlon Maskın dəstəyi ilə aradan qaldırmağa çalışa bilər. Lakin belə bir yanaşma real perspektivlərə əsaslanmır. Xaqani Cəfərli bu vəziyyəti məşhur atalar sözü ilə ifadə edərək bildirib ki, “qonşuya ümid olan şamsız qalar”.
O qeyd edib ki, İlon Mask istəsə belə, ABŞ-ın siyasi xəttinə qarşı gedərək Rusiyaya Kosmos kimi strateji əhəmiyyətli sahədə ciddi dəstək verə bilməz. Çünki Maskın şirkətlərinin bir sıra iri və bahalı layihələri Konqresin qərarlarından və dövlət qurumları ilə əməkdaşlıqdan asılıdır. Rusiyaya dəstək verilməsi isə onun biznes maraqları üçün ciddi problemlər yarada bilər.
Xaqani Cəfərlinin qənaətinə görə, Vaşinqtondakı siyasi vəziyyət hələlik bu cür görüntülərin yaranmasına imkan versə də, Rusiyanın kosmik sahədə ABŞ-la rəqabət aparmaq imkanları məhduddur. O hesab edir ki, İlon Maskın Rusiyaya mümkün dəstəyi barədə gözləntilər Moskvanın öz kosmik imkanlarını bərpa etmək üçün etibarlı strategiya sayıla bilməz.
Dəniz NƏSİRLİ