ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Braziliyanın prezidentliyə keçmiş namizədi Flavio Bolsonaronun ölkəyə daxil olmasına icazə verdiyini təsdiqləyib, lakin vəziyyətə müdaxilə etməyəcəyinə söz verib.
"Biz ona ölkəyə girməyə icazə vermişik, görəcəyik. Amma mən müdaxilə etməyəcəyəm. Bu, çox qəribə bir seçki idi" – deyən Tramp, Braziliyada keçirilən son prezident seçkiləri ilə bağlı "heç bir mövqe tutmadığını" bir daha vurğulayıb.
Bolsonarunu, həyat yoldaşını və iki qızını daşıyan təyyarə çərşənbə günü Mayamiyə eniş edib. Bolsonaro X sosial şəbəkəsində özünü səsvermənin qalibi hesab etdiyini və siyasi mübarizəsini xaricdən davam etdirmək niyyətində olduğunu yazıb.
Medianın məlumatına görə, Bolsonaro bazar günü keçirilən seçkilərdə məğlub olduqdan və məhkəmə orqanlarının onun ölkədə qalması və Braziliya və İtaliya pasportlarını təhvil verməsi barədə qərar çıxarmasından sonra Braziliyadan qaçmaq qərarına gəlib. Braziliya Ali Məhkəməsinin hakimi Flavio Dino isə Bolsonaronun seçki kampaniyasının mümkün xarici maliyyələşdirilməsi ilə bağlı araşdırma aparılması barədə göstəriş verib.
Bundan əlavə, Bolsonaro çirkli pulların yuyulması və digər cinayətlərlə bağlı iki cinayət işinin subyektidir. Braziliya mediasının məlumatına görə, onun Senatdakı səlahiyyət müddəti 2027-ci ilin fevral ayında bitir və bundan sonra o, məhkəməyə verilə bilər.
Braziliyada prezident seçkilərinin ikinci turu 25 oktyabrda keçirilib. Hazırkı prezident Luis İnasiu Lula da Silva seçkilərdə qalib gəlib. Bolsonaro məğlubiyyətini etiraf etməkdən imtina edərək, hökumətin səsvermə müddətini uzatmaq qərarının bir sıra qanun pozuntularına səbəb olduğunu iddia edib.
Tahir TAĞIYEV