Azərbaycanda sükan arxasında telefonu əlində saxlayaraq istifadə edən sürücülərin pozuntusu foto və video qeydiyyat vasitələri ilə qeydə alınacaq.
Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Məlum olduğu kimi, bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir.
İnzibati Xətalar Məcəlləsinə görə, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə edilir.
Həmçinin, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsində nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinin və müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasının da foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi təklif edilir.
Sadə dillə desək, sürücünün nəqliyyat vasitəsini idarə edərkən telefonu əlində saxlayaraq istifadə etməsi foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrlə aşkar edilə biləcək və sürücü bu əmələ görə 50 manat cərimələnəcək.
Eyni zamanda, nəqliyyat vasitələrində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya reklamın yerləşdirilməsi qaydalarını pozmaqla reklam yayılması da həmin texniki vasitələrlə qeydə alına biləcək. Bu əmələ görə fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək cərimələnəcəklər.