Azərbaycanda mal əti və ət məhsullarının istehsalı azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) "Azərbaycanın ərzaq balansları-2026" statistik məcmuəsində bildirilir.
Hesabata əsasən, 2025-ci ildə mal əti və ət məhsullarının istehsalı 150 min 479 ton təşkil edib. 2024-cü ildə bu göstərici 152 min 878 ton olmuşdu. Beləliklə, illik istehsal 2 min 399 ton, yəni 1.6 faiz azalıb. Yerli istehsaldakı geriləmə cüzi olsa da, idxalda kəskin artım qeydə alınıb. Eyni balans cədvəlinə əsasən, idxalın həcmi 2024-cü ildəki 19 min 937 tondan 2025-ci ildə 29 min 619 tona yüksəlib, yəni 48.6 faiz artıb. Bu rəqəmlər göstərir ki, daxili bazarda tələbatın artması fonunda yerli istehsal eyni sürətlə genişlənmir. İdxalın yüksəlməsi bazardakı təklifin təmin olunmasında xarici mənbələrin əhəmiyyətinin artdığını göstərir. İstehsalın azalması və idxalın kəskin artması qiymətlərə də birbaşa təsir edib. Son aylarda Azərbaycanda dana əti daha da bahalaşmaqdadır. Artıq Bakıda dana ətinin kiloqramı 19 manata, sümüksüz ət isə 23-25 manata təklif olunur. Halbuki, ötən ilin müvafiq dövründə ölkədə dana ətinin kiloqramı 16 manata, iki il əvvəl isə 13-14 manata satılırdı. Ekspertlər bu bahalaşma tendensiyasının bir müddət də davam edəcəyini proqnozlaşdırır. Onlar bildirirlər ki, son illər ölkədə həm mal-qaranın baş sayı azalıb, həm də yem məhsulları bahalaşıb. Mütəxəssislər onu da vurğulayır ki, son dövrlər pambıq əkininin genişləndirilməsi səbəbindən örüş və otlaq sahələrində ciddi azalma müşahidə olunur. Mal əti istehsalına təsir edən əsas amillərdən biri heyvandarlığın maya dəyərinin yüksəlməsidir. Yem, baytarlıq xidmətləri, dərman preparatları, elektrik enerjisi və nəqliyyat xərcləri fermerlərin maliyyə yükünü artırır. Xüsusilə yem bitkilərinin becərilməsi üçün kifayət qədər torpaq və su imkanlarının olmaması kiçik təsərrüfatların fəaliyyətini çətinləşdirir.
Digər mühüm məsələ mal-qaranın məhsuldarlığıdır. Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bir müddət öncə heyvandarlıqda məhsuldarlığın arzuolunan səviyyədə olmadığını və damazlıq cins heyvanların ümumi sürüdə payının cəmi 2,5 faiz təşkil etdiyini bildirib. Bu vəziyyət heyvan başına düşən məhsulun artırılmasını məhdudlaşdıran amillərdən biridir. Bundan əlavə, bəzi təsərrüfatlarda müasir texnologiyaların, keyfiyyətli damazlıq materialının və peşəkar baytarlıq xidmətlərinin çatışmazlığı istehsalın səmərəliliyinə mənfi təsir göstərir. Mal əti istehsalının azalması ilk növbədə daxili bazarda təklif və tələbat arasındakı tarazlığa təsir göstərir. İstehlak artdığı halda yerli istehsalın zəifləməsi idxala ehtiyacı yüksəldir. Xarici bazarlarda qiymətlərin dəyişməsi, logistika xərcləri və valyuta məzənnələrindəki dəyişikliklər də idxal olunan məhsulların maya dəyərinə təsir edir.
Tahir TAĞIYEV