Yeganə Hacıyeva:"Trampın Ərdoğanla bağlı əminliyinin mümkün izahlarından biri Türkiyə prezidentinin istənilən ABŞ təşəbbüsünü qeyd-şərtsiz qəbul etməsi deyil, iki ölkə arasında konkret məsələlər üzrə razılaşma əldə etmək imkanlarının mövcudluğuna inamdır"
Amerika Prezidenti Donald Tramp bəyan edib ki, Ərdoğadan nə istəsə onu edəcək. "Mən bunu edə bilərəm. Bildiyiniz kimi, o mənim yaxşı dostumdur. Türkiyə Prezidentinə böyük hörmətim var. Düşünürəm ki, Prezident Ərdoğan mənim xahişimi yerinə yetirəcək (ondan nə istəsəm edəcək)".
Tramp niyə belə əminliklə deyir ki, mən nə istəsəm Ərdoğan onu edəcək? Trampı belə əmin edən nədir?
Ekspetlər bildirir ki, ABŞ-Türkiyə münasibətlərində və Donald Trampın mövqelərindəki əsas faktlar bunlardır:
Türkiyə Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemini aldığı üçün 2019-cu ildə, yəni Trampın birinci prezidentliyi dövründə F-35 proqramından rəsmən çıxarılıb.
2020-ci ilin dekabrında Tramp administrasiyası S-400-lərə görə Türkiyənin Müdafiə Sənayesi İdarəsinə (SSB) və onun rəhbərlərinə qarşı ABŞ-ın "Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Cavab Mübarizəsi Aktı" (CAATSA) çərçivəsində sanksiyalar tətbiq edib.
Tramp və Ərdoğan arasında fəaliyyətləri dövründə tez-tez şəxsi və siyasi yaxınlıq müşahidə olunub. Tramp Ərdoğanı güclü lider kimi tərifləyib, eyni zamanda S-400 böhranına görə keçmiş administrasiyaları (Obama dövrünü) günahlandırıb. Sonrakı dövrlərdə (və 2025-2026-cı illərdəki görüşlərdə) Tramp sanksiyaların ləğvi və F-35/F-16 məsələlərinə yenidən baxılması, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyi barədə bəyanatlar verib.
Trampın üslubuna xas olaraq dünya liderləri ilə münasibətlərini şəxsi danışıqlar və "deal" (sövdələşmə) əsasında həll edə biləcəyinə inamı müxtəlif çıxışlarında və media müsahibələrində əksini tapıb. Lakin ABŞ qanunvericiliyi (Konqresin mövqeyi) və S-400 müəmması Türkiyəyə qarşı tətbiq olunan məhdudiyyətlərin tam aradan qaldırılmasını çətinləşdirən əsas amillərdən olub.
Ekspertlər qeyd edirlər ki, Trampın hakimiyyəti dövründə Ərdoğana qarşı bir çox pislik edib. Məsələn, Trampın hakimiyyəti dövründə Ərdoğan hakimiyyətinə qarşı ən böyük zərbəni o vurub. 2017-2018-ci ildə Türkiyəni F-35 proqramından Tramp çıxarıb.
Ondan sonra F-16 təyyarələrinin konstruksiyasına, bərpasına, təmir proqramından Türkiyəni çıxarıb. Demək olar ki, Ərdoğanın dövründə Tramp Türkiyəyə qarşı bir neçə zərbə xarakterli addımlar atıblar. Bütün bu etdiklərinə baxmayaraq, Tramp "mən nə istəsəm, Ərdoğan bunu edəcək" deyir.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva baki-xeber.com-a bildirib ki,
Donald Trampın Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanla münasibətlərinə dair son açıqlamalarını yalnız iki lider arasında formalaşmış şəxsi münasibətlərin prizmasından qiymətləndirmək düzgün olmazdı.
"Bu münasibətlərin mahiyyətini anlamaq üçün ABŞ-ın Yaxın Şərqdəki strateji prioritetlərini, regional güclər balansını və Türkiyənin hərbi-siyasi imkanlarını, eləcə də iqtisadi və təhlükəsizlik baxımından əhəmiyyətini nəzərə almaq lazımdır.
Trampın özündən əvvəlki ABŞ prezidentlərindən fərqlənən əsas xüsusiyyətlərindən biri beynəlxalq münasibətlərə ideoloji yanaşmadan daha çox, güc balansı, konkret maraqlar və siyasi sövdələşmələr prizmasından baxmasıdır.
Bu yanaşma bəzən mübahisəli və ziddiyyətli görünə bilər. Lakin məhz belə bir praqmatik baxış Türkiyənin Yaxın Şərqdəki rolunun Vaşinqton üçün nə dərəcədə əhəmiyyətli olduğunu daha aydın qiymətləndirməyə imkan verir.
Şübhəsiz ki, İsrail ABŞ-ın Yaxın Şərqdə ən mühüm strateji tərəfdaşlarından biridir. Bununla belə, İsraillə strateji müttəfiqlik Türkiyənin regiondakı əhəmiyyətini arxa plana keçirmir. Əksinə, Yaxın Şərqdə davamlı təhlükəsizlik arxitekturasının formalaşdırılması, regional münaqişələrin idarə olunması və qüvvələr balansının qorunması baxımından Türkiyənin imkanları ABŞ üçün ayrıca strateji dəyər daşıyır.
Türkiyə NATO-nun üzvüdür, mühüm hərbi potensiala, regional təsir imkanlarına və müstəqil xarici siyasət yürütmək iradəsinə malikdir. Onun Suriya, İraq, Qara dəniz hövzəsi və Şərqi Aralıq dənizindəki mövqeyi, eləcə də regional aktorlarla eyni vaxtda əlaqələr saxlamaq imkanları Türkiyəni ABŞ-nin Yaxın Şərq siyasətində nəzərə almaya bilməyəcəyi dövlətə çevirir".
Y.Hacıyeva vurğuladı ki, Ankara ilə razılaşma olmadan müəyyən regional təşəbbüslərin həyata keçirilməsi çətinləşə, Türkiyənin maraqlarının nəzərə alınmadığı siyasətlər isə əlavə təhlükəsizlik və diplomatik problemlər yarada bilər.
"Məhz bu reallıqlar Trampın Türkiyə ilə münasibətlərə verdiyi əhəmiyyəti izah edən əsas amillərdəndir.
Trampın həm birinci, həm də ikinci prezidentlik dövründə Ərdoğanla birbaşa dialoqa üstünlük verməsi və münasibətləri işlək siyasi kanal kimi qorumağa çalışması da bu kontekstdə qiymətləndirilməlidir. İki lider arasında formalaşmış şəxsi təmaslar müəyyən məsələlərdə razılaşmaların əldə edilməsini asanlaşdıra bilər. Lakin həmin münasibətlərin arxasında daha fundamental amil — ABŞ ilə Türkiyənin bir sıra regional məsələlərdə üst-üstə düşən maraqları və qarşılıqlı ehtiyacları dayanır.
Burada vacib bir məqam var: Trampın Ərdoğanın ondan gələn istəkləri mütləq yerinə yetirəcəyinə dair əminlik ifadə etməsi Türkiyə prezidentinin ABŞ prezidentinə siyasi baxımdan tabe olması kimi yozulmamalıdır. Belə bir yanaşma həm Türkiyənin dövlət maraqlarını, həm də Ankara-Vaşinqton münasibətlərinin real mahiyyətini yanlış qiymətləndirmək olardı.
Türkiyə xarici siyasətini yalnız Vaşinqtonun gözləntilərinə uyğun müəyyənləşdirən dövlət deyil. Ankara öz milli təhlükəsizlik prioritetlərini, regional ambisiyalarını və iqtisadi maraqlarını nəzərə alaraq qərarlar verir. ABŞ ilə əməkdaşlıq Türkiyə üçün mühüm olsa da, bu əməkdaşlıq avtomatik itaət anlamına gəlmir. Eyni qaydada, Vaşinqtonun da Türkiyənin dəstəyinə ehtiyac duyduğu məsələlərdə Ankara ilə razılaşma əldə etməsi üçün onun maraqlarını nəzərə alması zərurəti yaranır.
Deməli, Trampın Ərdoğanla bağlı əminliyinin mümkün izahlarından biri Türkiyə prezidentinin istənilən ABŞ təşəbbüsünü qeyd-şərtsiz qəbul etməsi deyil, iki ölkə arasında konkret məsələlər üzrə razılaşma əldə etmək imkanlarının mövcudluğuna inamdır. Bu, şəxsi münasibətlərin yaratdığı rahatlıqdan daha çox, qarşılıqlı maraqların düzgün müəyyənləşdirilməsinə əsaslanan siyasi hesablamadır.
Məsələnin iqtisadi-siyasi tərəfi də az əhəmiyyət daşımır. Türkiyə regional ticarət və logistika marşrutları, enerji təhlükəsizliyi, müdafiə sənayesi və regional iqtisadi əlaqələr baxımından əhəmiyyətli mövqeyə malikdir. ABŞ üçün Türkiyə ilə münasibətlərin idarəolunan və proqnozlaşdırılan çərçivədə saxlanılması yalnız diplomatik məqsəd deyil, həm də təhlükəsizlik və iqtisadi maraqların qorunması vasitəsidir. Ankara üçün isə Vaşinqtonla işlək münasibətlərin qorunması NATO çərçivəsindəki mövqeyini, müdafiə əməkdaşlığını və beynəlxalq danışıqlardakı imkanlarını gücləndirə bilər. Bununla belə, müdafiə sənayesi, sanksiyalar, S-400 məsələsi və regional prioritetlər kimi fikir ayrılıqları iki ölkə arasında strateji etimadın tam olmadığını göstərir.
Elə buna görə də ABŞ-Türkiyə münasibətlərini tam etimad üzərində qurulmuş tərəfdaşlıq kimi deyil, rəqabət elementləri, qarşılıqlı asılılıq və praqmatik əməkdaşlıq arasında formalaşan mürəkkəb münasibətlər sistemi kimi xarakterizə etmək daha doğrudur.
Yaxın Şərqdə təhlükəsizlik məsələlərinin həlli də bu reallığı daha qabarıq göstərir. ABŞ regionda İsrailin təhlükəsizliyini təmin etməyə çalışarkən eyni zamanda digər regional aktorların davranışlarını, Türkiyənin təhlükəsizlik narahatlıqlarını və özünün daha geniş geosiyasi maraqlarını nəzərə almağa məcburdur. Vaşinqtonun bütün regional məsələlərdə yalnız bir tərəfin mövqeyinə əsaslanması onun manevr imkanlarını məhdudlaşdıra bilər. Türkiyə ilə dialoqun saxlanılması isə ABŞ-yə daha geniş siyasi seçimlər və danışıqlar imkanları verir".
Y. Hacıyevanın sözlərinə görə, bu mənada Trampın açıqlamasının siyasi əhəmiyyəti yalnız Ərdoğanla münasibətlərdə deyil, Türkiyənin regional güc kimi qəbul edilməsində axtarılmalıdır. "Türkiyə ABŞ-nin istənilən qərarını təsdiqləyən tərəf deyil , o, nəzərə alınması, maraqları ilə hesablaşılması və müəyyən məsələlərdə razılaşdırılmış mövqe formalaşdırılması zəruri olan müstəqil geosiyasi aktordur.
Nəticə etibarilə, Trampın Ərdoğana dair fikirlərini şəxsi simpatiya və ya Türkiyə prezidentinin ABŞ liderinə qeyd-şərtsiz tabe olacağına inam kimi təqdim etmək siyasi təhlili sadələşdirmək deməkdir. Daha əsaslı yanaşma bu açıqlamaların arxasında duran strateji hesablamaları araşdırmaqdır: ABŞ-nin Yaxın Şərqdə Türkiyənin imkanlarına ehtiyacı, Ankaranın regional proseslərə təsir potensialı və iki dövlətin bir sıra məsələlərdə bir-birinin dəstəyini qazanmaq zərurəti.
Beynəlxalq siyasətdə dövlətlərarası münasibətlərin dayanıqlılığını yalnız liderlərin şəxsi münasibətləri müəyyən etmir. Şəxsi təmaslar razılaşmaların əldə edilməsini sürətləndirə bilər, lakin bu razılaşmaların real əsasını dövlət maraqları, güc balansı və qarşılıqlı siyasi ehtiyaclar təşkil edir. Trampın Türkiyəyə münasibətini də məhz bu çərçivədə oxumaq lazımdır: burada söhbət Türkiyənin ABŞ qarşısında mövqeyini itirməsindən deyil, Vaşinqtonun regional siyasətdə Ankara ilə hesablaşmağın strateji əhəmiyyətini dərk etməsindən gedir"-deyə Y. Hacıyeva qeyd etdi.
İradə SARIYEVA