Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikasında tikinti sahəsində institusional əsasların gücləndirilməsi məqsədilə kompleks islahatlar həyata keçirilmiş, bu çərçivədə qəbul edilmiş qanunvericilik aktları ilə tikinti prosedurları təkmilləşdirilib.
Sənədə əsasən, Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, icra intizamına nəzarətin təmin edilməsi, mütərəqqi təcrübələrin öyrənilməsi və tətbiqinə dair təkliflərin hazırlanması məqsədilə aşağıdakı tərkibdə Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası (bundan sonra – Komissiya) yaradılıb:
Komissiyanın sədri
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru.
Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilib.
Komissiya:
tikinti layihələri ilə bağlı razılaşdırma, icazə və digər inzibati prosedurların sadələşdirilməsi, habelə icra mərhələlərinin və müddətlərinin optimallaşdırılması üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi;
tikinti sahəsində investisiyaların stimullaşdırılması məqsədilə özəl sektorun vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinə münasibətdə – beynəlxalq təcrübəyə uyğun qabaqcıl alətlər və təşviq mexanizmləri, o cümlədən rəqəmsal alətlər vasitəsilə tikinti layihələri üzrə açıq, şəffaf və rəqabətli mexanizm;
dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin qiymətləndirilməsi üçün tətbiq olunan smeta-normativ və qiymətqoyma mexanizmlərinin, habelə qiymətqoymanın resurs metodunun təkmilləşdirilməsi;
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tikintiyə icazələrlə əlaqədar müraciətlərə baxılması üzrə mövcud dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi, bunun üçün zəruri olan məlumatların vahid məlumat bazasında toplanması, habelə qurumlararası məlumat mübadiləsi və informasiya ehtiyatları və sistemləri arasında inteqrasiyanın təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğun texnoloji həllərin genişləndirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Komissiyaya təqdim etməlidir.