Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının aparıcı simalarından biri olan Oktay Saral Türkiyə Prezidentinin baş müşaviri vəzifəsindən azad edilib.
Bu iddia ilə Türkiyə hökumətinə yaxın əlaqələri ilə tanınan jurnalist Fuat Uğur çıxış edib.
Jurnalist Tələt Atilla isə Sarala zəng etdiyini və onunla danışdığını və ondan vəzifədən azad edilib-edilmədiyini soruşduğunu bildirib.
Saral yayılan məlumatları təsdiqləyib:
"Prezidentin baş müşaviri cənab Oktay Sarala zəng etdim.
"Səni işdən çıxarıblar?" deyə soruşdum.
“Bəli. Biz vəzifələrimizdə daimi deyilik. Prezidentimiz məni bu vəzifəyə təyin etdi və onun göstərişi ilə istefa verdim. Heç kimə qarşı heç bir kin saxlamıram”, - deyə o bildirib.
"Bu, Azərbaycanla bağlı açıqlamalarınıza görədirmi?" deyə soruşdum.
"Bəli, deyəsən", deyə cavabını verib”.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) oktyabrın 13-də Saralın və hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin Azərbaycanın konstitusion quruluşunu və ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlamalarına münasibət bildirib.
YAP-dan qeyd edilib ki, son dövrlərdə Azərbaycana qarşı yönəlmiş informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri alması, xüsusilə də Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan şəxsin, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin belə bir kampaniyaya qoşulması məsələyə açıq münasibət bildirməyi zəruri edir və sözügedən açıqlamalar təəssüf doğurur.
Vurğulanıb ki, belə açıqlamalar Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə bilər.
“Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, xüsusilə də yüksək dövlət vəzifələri daşıyan şəxslər açıqlamalarında siyasi məsuliyyət nümayiş etdirməli, Azərbaycan Respublikasının suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmalıdırlar.
Ümid edirik ki, Türkiyənin müvafiq siyasi dairələri bu cür məsuliyyətsiz açıqlamalardan düzgün nəticə çıxaracaq, Azərbaycan–Türkiyə münasibətlərinə zərər verə biləcək addımlardan çəkinəcəklər", - deyə əlavə edilib.
Tahir TAĞIYEV