Əli Mustafa: “Trampla Putin Ukrayna məsələsində Avropanı kənarda saxlamaq istəyir, amma alınmayacaq”
ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı apardıqları danışıqlar Avropa İttifaqını və onun liderlərini çətin vəziyyətdə qoyub. Bəllidir ki, Ukraynanın başı üzərində Rusiya ilə Tramp arasında müəyyən danışıqlar gedir və hətta razılaşmalar var.
Ən diqqət çəkən məqam odur ki, bu prosesdə Avropa ölkələri iştirak etmir. Sonuncu görüş Norveçdə olub, amma bu ölkə Ukraynaya dəstək məsələsində potensial güc ortaya qoyan ölkə deyil. Ukraynaya dəstək məsələsində əsas yükü çəkən ölkələr Almaniya, Fransa, Böyük Britaniya, Danimarka, Polşa, Belçika, Hollandiya və Finlandiyadır. Ancaq bu dövlətlər danışıqlarda iştirak etmir. Faktiki vəziyyət belədir ki, Putinlə Tramp Ukrayna üzrə danışıqlarda Avropanı sıxışdırıb çıxarıblar.
Belə vəziyyətdə Avropa ölkələri nə edəcəklər? Xüsusən də Avropanın aparıcı ölkələrindən söbət gedir.
Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Əli Mustafa baki-xeber.com-a açıqlamasında bildirdi ki, bu gün Trampla Putinin münasibətləri çox yaxşıdır: “Hətta Tramp Rusiyanı üçlü görüşdə belə görmək istəyir. Şərti olaraq belə bir qənaət var ki, bu gün qlobal güclər ABŞ və Çindir. Ancaq məsələ ondadır ki, üçtərəfli görüşdə əslində Tramp sanki Rusiyanı da qlobal güclərdən biri kimi tanıyır. Bütün bunlar azmış kimi, həmdə üçtərəfli görüşdə Ukrayna məsələsini müzakirə etmək, ölkənin taleyini həll etmək barədə danışıqların olacağı da mətbuata sızdırılır. Bütün bunlar ilk növbədə Ukrayna üçün xoş deyil. O cümlədən, Avropa ölkələri üçün də yaxşı deyil. Ümumiyyətlə, Avropanın taleyinin həll edildiyi yerdə Ukraynanın olmaması ən arzuolunmaz məsələdir. Hesab edirəm ki, Ukrayna hakimiyyəti, xalqı olmadan, həm də Avropanın iştirakı olmadan savaş bitməyəcək. Bəli, Trampla Putin Ukrayna məsələsində Avropanı kənarda saxlamaq istəyir, amma alınmayacaq. Tramp nə istəyir eləsin, Putin hansı planları qurur qursun Avropasız bu məsələ həllini tapmayacaq. Düzdür, müharibə Ukrayna ərazisində gedir, daha çox zərər onlara dəyir. Ancaq hər halda Rusiyanın öz məqsədinə çatmaması, arzularını reallaşdıra bilməməsi Rusiya üçün də ciddi itkilər vəd edir. Ona görə ki, Rusiyanın resursları sonsuz deyil. Üstəlik, Rusiyanın imici tamam korlanıb, Moskva staus-kvonu belə dəyişə bilmir. Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar da Rusiyaya yaxşı heç nə vəd etmir”.
Vidadi ORDAHALLI