Ramil Məmmədli: “Birinci növbədə Türkiyə bütün formalarda Azərbaycanın daxili işinə müdaxiləyə son qoymalıdır”
Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan Prezident Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.
AKP-nin məlum yanlışı üzündən tərəflər arasında baş verənlər iki ölkə münasibətlərinə mənfi təsir edib. Bütün bu deyilənlərin fonunda, ümumiyyətlə Azərbaycanla Türkiyə arasında əvvəlki etimadın bərpası üçün hansı şərtlər lazımdır? İlk həmlə edən tərəf olaraq AKP iqtidarının nələri etməsinə ehtiyac var?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, birinci növbədə Türkiyə bütün formalarda Azərbaycanın daxili işinə müdaxiləyə son qoymalıdır: “Fərqi yoxdur bu, hansı formadadır. Yumuşaq güc, digər təsir agentləri formasında fəaliyyətə, müdaxiləyə son qoyulmalıdır və praktiki olaraq bu, özünü göstərməlidir. Digər tərəfdən, münasibətləri korlayan AKP rəsmiləri vəzifələrindən azad edilməlidir. Bunu Türkiyə real müstəvidə göstərməlidir. Hesab edirəm ki, bütün bu tədbirlərdən sonra iki ölkə arasında əvvəlki etimad bərpa oluna bilər. Azərbaycanla Türkiyə arasında heç belə kəskin gərginlik olmayıb. Heç 2009-cu ildə bayraq krizində belə, bu cür gərginlik tərəflər arasında yaşanmayıb. Ona görə də münasibətləri əvvəlki müstəvidə bərpa etmək elə də asan olmayacaq”.
Vidadi ORDAHALLI