Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, TRIPP marşrutunun əsas infrastrukturunun (magistral, dəmir yolu, elektrik xətləri) eskizləri tezliklə ictimai müzakirəyə təqdim ediləcək və bundan sonra daha ətraflı layihələndirmə işlərinə başlanılacaq.
Baş nazirin müavini Qriqoryanın rəhbərlik etdiyi işçi qrupu işin praktik hissəsinə başlamaq üçün cümə axşamı Sünik bölgəsinə səfər edib. Baş nazirin müavinini Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan və Şəhərsalma Komitəsinin rəhbəri Yegiazar Vardanyan müşayiət edən səfər zamanı hökumət üzvləri gələcək infrastrukturun (hazırda dəmir yolu, avtomobil yolu və elektrik xətləri) yeri ilə tanış olublar.
Qriqoryan bildirib ki, dəmir yolu marşrutu ilə bağlı hər şey aydındır, sadəcə olaraq konstruksiyaların (tunellərin və s.) vəziyyətini yenidən qiymətləndirmək lazım idi. Layihələndirmə işləri tezliklə başlayacaq. Baş nazirin müavini bildirib ki, elektrik xətləri ilə bağlı da çox şey aydındır: “Yol boyunca bəzi çətin keçilən hissələr olduğundan, yolla bağlı müzakirə ediləcək çox şey var”.
Ermənistan Baş nazirinin müavini qeyd edib ki, layihələndirmə işləri bu üç ərazidə TRIPP İnkişaf Şirkətinin (bu infrastrukturları idarə edəcək erməni-amerikan müəssisəsi) son formalaşmasını gözləmədən başlaya bilər. Bundan sonra bütün bunlar şirkətə veriləcək.
Öz növbəsində, Xarici İşlər və Beynəlxalq Ticarət naziri Ararat Mirzoyan xatırladıb ki, TRIPP sazişi bir gün əvvəl parlamentin xarici əlaqələr üzrə daimi komitəsində müzakirə olunub və çox güman ki, bir həftə sonra parlamentin plenar iclasında baxılacaq. Onun sözlərinə görə, yuxarıda adı çəkilən erməni-amerikan şirkətinin yaradılması son mərhələdədir.
Baş nazir Nikol Paşinyan isə bildirib ki, dözümlülüyü gücləndirmək üçün bölgədəki kommunikasiyaları mümkün qədər tez açmaq vacibdir. O, Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə imzalanmış müqavilənin növbəti sessiyada təsdiqlənəcəyini açıqlayıb.
Tahir TAĞIYEV