Əli Orucov: “AKP iqtidarı mövcudluğunu qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə edir”
Türkiyənin hakim AK Parti iqtidarı, bəzi müxalif bələdiyyələrin (xüsusilə DEM Partiyası və zaman-zaman CHP-li bələdiyyələrin) fəaliyyətini milli təhlükəsizlik, terror qruplaşmalarına maliyyə dəstəyi və ya maliyyə qanunsuzluqları iddiaları ilə hüquqi və inzibati nəzarətdə saxlayır. Bu çərçivədə bəzi bələdiyyə sədrlərinin vəzifədən kənarlaşdırılaraq yerlərinə qəyyum təyin edilməsi və ya daxili təftişlərin aparılması siyasi gərginliyi artırır.
Müxalifət (başda CHP olmaqla) bu addımları xalqın seçki iradəsinə müdaxilə, siyasi təzyiq və növbəti ümumi seçkilər ərəfəsində müxalifət liderlərini (məsələn, Əkrəm İmamoğlu və ya Mansur Yavaş) zəiflətmək taktikası kimi qiymətləndirir.
Böyük şəhər bələdiyyələrinin büdcələri, sosial layihələri və işçi qüvvəsi partiyalar üçün güclü bir siyasi rıçaqdır. İqtidarla yerli idarəetmələr arasında dövlət banklarından kredit alışı və ya infrastruktur layihələrinin təsdiqi ilə bağlı tez-tez bürokratik maneələr yaşanır.
Türkiyədə AKP iqtidarı çoxlu sayda müxalifətçi bələdiyyə sədrlərini həbs edib. Bunların arxasında nə durur və bu şübhəli həbslər ölkəni hara aparır?
Politoloq Əli Orucov baki-xeber.com-a bildirdi ki, AKP gələcək planlarında Kamakistləri başlıca mane sayır: “AKP iqtidarı mövcudluğunu qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə edir. Mətbuat basqılar, vətəndaş
cəmiyyətinın tam sıxışdırılması, dünyəvi müxalif siyasi partiyaların zəiflədilməsi dövlətin və cəmiyyətin dayanıqlığını zəiflətməkdədir. Dini ideologiyanın hakim ideologiyaya çevrilməsi və dünyavilik quruluşun dəyişdirilməsi qütbləşməni də dərinləşdirməkdədir. Son dövrlər isə əsas hədəf Kamalistlərə qarşı yönəlib. AKP gələcək planlarında Kamakistləri başlıca mane sayırlar. Onların görmək istəmədikləri iki faktor var ordu və dünyəvilik kəsimi. Artıq ölkə elə bir vəziyyətə gətirilib ki, Yaxın Şərqin təhlükəsizlik və demokratik adası hesab edilən Türkiyə fundamental təriqətçi islamçı , təriqətçi bir ölkəyə çevrilib”.
Ə.Orucovun fikrincə, Türkiyə türk dövlətləri üçün inkişaf və tərəqqi modeli olmalı, həmçinin ali dəyərlərin ilhamvericisi rolunda çıxış etməlidir. “Təəssüf ki, AKP iqtidarı bunun tərsini edir”-deyə Ə.Orucov vurğuladı.
İradə SARIYEVA