Qazaxıstanda polis oktyabrın ortalarında narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılan Azərbaycan əsilli rusiyalı müğənni Navaiyə (Nəvai Bəkirov) qarşı cinayət işini dayandırıb. İnterfax-ın məlıumatına görə, bu barədə Jambıl vilayət polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada deyilir: "Rus rep ifaçısına qarşı cinayət işi, onun ilk dəfə cinayət törətməsi və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq fəal peşmançılıq nümayiş etdirməsi nəzərə alınmaqla, islahedici əsaslarla dayandırılıb. Prosessual qərar nəzarət orqanı tərəfindən təsdiq edilib".
Qərardan sonra Bəkirov Qazaxıstandan deportasiya edilib.
O, oktyabrın 13-də Qazaxıstana daxil olarkən Korday sərhəd keçid məntəqəsində (Qırğızıstanla sərhəddə) saxlanılıb. Axtarış zamanı onun getdiyi avtomobildə narkotik maddə aşkar edilib. Faktla bağlı cinayət işi açılıb və o, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Azərbaycan əsilli rusiyalı reper və müğənni Nəvai Qazaxıstana konsertə gedirmiş. O, həmin gün Astanadakı Jaksılıq Uşkempirov adına Döyüş Sənəti Sarayında çıxış etməli idi, lakin təşkilatçılar konsertin "texniki səbəblərə" görə ləğv edildiyini açıqlayıblar.
Tahir TAĞIYEV