Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın hər iki partiyadan olan bir qrup senatorundan kəşfiyyat paylaşımı və silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün Tramp administrasiyasına təzyiq göstərmələrini istəyib.
“Axios” mənbələrə istinadən xəbər verir ki, bazar ertəsi Tom Tillis və Riçard Blumenthalın rəhbərlik etdiyi ikipartiyalı senatorlar qrupu ilə virtual zəng zamanı Zelenski Mayami görüşündən sonra Ukraynanın üzləşdiyi müxtəlif məsələlərə diqqət çəkib.
Ukrayna lideri bildirib ki, Ağ Evin əks bəyanatlarına baxmayaraq, Starlink və Starshield peyk sistemləri qismən məhdud olaraq qalır. “Bunun üçün hələ də heç bir izahat görmədik. Təəssüf ki, biz yalnız müxtəlif qəribə hekayələr eşidirik. Bu, Ukraynanın Rusiyanın hücum dronlarını vurmaq qabiliyyətinə mane olur”, - deyə Zelenski bildirib.
Bundan əlavə, son bir həftə ərzində Ukrayna bazar günü də daxil olmaqla, üç dəfə ABŞ-dan Rusiya ballistik raketləri ilə bağlı əvvəlcədən xəbərdarlıq almayıb. Bu, öz növbəsində, Zelenskinin sözlərinə görə, kəşfiyyat məlumatlarının paylaşılmasında məhdudiyyətin olduğunu göstərir. Kiyev hələlik Vaşinqtondan qaneedici izahat almayıb.
Zelenski həmçinin bildirib ki, Pentaqon rəhbəri Pit Heqset NATO ölkələrinin artıq pul ödəməsinə baxmayaraq, NASAMS hava hücumundan müdafiə sistemi üçün “Patriot” raketlərinin və AIM-9x raketlərinin çatdırılmasına razı deyil.
"ABŞ tərəfdaşlarımızdan demək olar ki, heç bir “Patriot” raketimiz qalmayıb... Bütün bunlar dəstəyimizi azaltmaq üçün hansısa siyasi qərarın verildiyini göstərir. Nə baş verdiyini, niyə baş verdiyini və bütün bunların hara apardığını anlamaq istəyirik", - deyə Ukrayna lideri bildirib.
Bundan əlavə, Ukrayna prezidenti Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə apardığı danışıqların təfərrüatlarını senatorlarla bölüşüb. O, səfirlərə Rusiyanın neft emalı zavodlarına hücumları 30 gün müddətinə dayandırmağı təklif etdiyini deyib. Bunun müqabilində Ukrayna lideri ABŞ-dan Ukraynaya həmin 30 gün ərzində Rusiya ballistik raketlərindən müdafiə olunmaq üçün “Patriot” raketləri verməsini istəyib.
Zelenski əlavə edib ki, Uittkoff və Kuşnerin bu ideyaya heç bir marağı yoxdur.
Sonda prezident senatorlara bu həftə Norveçdə olacağını və çərşənbə axşamı və ya çərşənbə günü Uitkoff və Kuşnerlə görüşə biləcəyini deyib. Daha sonra Trampın nümayəndələrin Putinlə görüşmək üçün Moskvaya gedə biləcəyi bildirilir.
Tahir TAĞIYEV