Adolf Hitlerin qardaşı oğlu Uilyam Patrik Hitler İkinci Dünya Müharibəsindən sonra ABŞ-da Amerika xəstəxanaları üçün qan nümunələrini təhlil edən özəl bir laboratoriya təsis edib.
"RIA Novosti" agentliyinin ABŞ Hərbi Dəniz Qüvvələrinin arxivlərinə istinadən verdiyi məlumata görə, Uilyam Patrik Hitler əmisi ilə münasibətləri pozulduqdan sonra, 1939-cu ildə ABŞ-a köçüb. Müharibədən sonra o, soyadını "Stüart-Hyuston" (Stuart-Houston) olaraq dəyişdirib və tibb sahəsində karyera qurub. ABŞ Hərbi Dəniz Qüvvələri Memorialının veb-saytındakı tərcümeyi-halında qeyd olunur ki, o, tibbi təhsilindən istifadə edərək "Brookhaven Laboratories" adlı uğurlu bir laboratoriya yaradıb. Laboratoriya onun Paçoq (Patchogue) şəhərindəki evində fəaliyyət göstərib. KİV-də yer alan məlumatlara görə, 1960-cı illərdə yerli sakinlər qan analizi üçün ona müraciət edirdilər. ABŞ müharibəyə qoşulduqdan sonra Hitlerin qardaşı oğlu Prezident Franklin D.Ruzveltdən orduya qəbul olunmaq üçün icazə istəyib. 1944-cü ildə o, ABŞ Hərbi Dəniz Qüvvələrinə daxil olub, Sakit okean cəbhəsində döyüşlərdə iştirak edib, yaralanıb və "Purple Heart" (Bənövşəyi Ürək) medalı ilə təltif olunub. Bu arada, onun ögey qardaşı Hayns isə Vermaxtda (nasist Almaniyası ordusunda) xidmət edirdi. Uilyam sonradan ABŞ vətəndaşlığını alıb və 1987-ci ildə vəfat edib.
Uilyamın barəsində bəzi maraqlı detallar da ortaya çıxıb. Bildirilir ki, Uilyam Almaniyada daha yüksək status və nüfuzlu vəzifə tələb edirdi. İstədiyini almaq üçün əmisi Adolf Hitleri ailə sirlərini və Hitlerin əcdadlarının guya yəhudi mənşəli olması barədə şayiələri mətbuata sızdıracağı ilə hədələyib. Hitler onu "iyrənc qardaşım oğlu" (my loathsome nephew) adlandırırdı. Aralarındakı gərginlik pik həddə çatdıqdan və Hitlerin ona qarşı təhlükəli ola biləcəyini anladıqdan sonra Uilyam 1938-ci ildə Almaniyanı tərk edərək Londona, 1939-cu ildə isə anası ilə birlikdə ABŞ-a qaçıb.
SAMİRƏ