Ramil Məmmədli: “Bu, o deməkdir ki. İran nüvə tədqiqatları və balistk raketlərlə bağlı prioritetlərindən geri çəkilməyəcək”
Mehrdad Əxlaqi Kitabçı İran İslam Şurası Məclisinin (parlament) deputatlarından etimad rəyi alaraq ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri seçilib.
İran parlamentinin iclasında M. Əxlaqi Kitabçının proqramı və namizədliyi nəzərdən keçirildikdən sonra səsvermə keçirilib və o, yeni vəzifəsinə təsdiqlənib. Mehrdad Əxlaqi bundan əvvəl İranın müdafiə sənayesi və aerokosmik sahəsində rəhbər vəzifələrdə çalışıb.
Onu da qeyd edək ki, 2007-ci ildə BMT Təhlükəsizlik Şurası Kitabçını İranın ballistik raket proqramı ilə bağlı sanksiyalara cəlb edib. ABŞ 2020-ci ildə İranın silah fəaliyyətləri ilə əlaqəsi, Böyük Britaniya isə 2023-cü ildə İranın nüvə və ballistik raket fəaliyyətlərində iştirakı iddiası ilə ona sanksiya tətbiq edib.
Maraqlıdır, indiki şəraitdə belə adamın, yəni raket və aerokosmik sahədə mütəxəssis olan bir şəxsin müdafiə naziri təyin edilməsi İranın hansı mesajlarından xəbər verir?
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Kitabçının müdafiə naziri təyin olunması mesajı o deməkdir ki. İran nüvə tədqiqatları və balistk raketlərlə bağlı prioritetlərindən geri çəkilməyəcək. Yəni bu istiqamətdə səylərini daha da gücləndirəcək. Ona görə də bu sahədə fəaliyyəti və təcrübəsi ola bir şəxsi müdafiə naziri təyin edirlər. Təsadüfü deyil ki, yeni nazir parlamentdə çıxışı zamanı İranın raket, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və hərbi sənaye istehsalının daha da genişləndirilməsinə, eləcə də Silahlı Qüvvələrin maddi-texniki təminatının gücləndirilməsinə dair fəaliyyət proqramını təqdim edib. Kitabçi uzun illər İranın hərbi sənaye kompleksində mühüm idarəedici vəzifələrdə çalışıb. O, xüsusilə Müdafiə Sənayesi Təşkilatının rəhbəri kimi quru qoşunlarının silahlanması, artilleriya sursatları, zirehli texnika və strateji raket texnologiyalarının istehsalı layihələrinə rəhbərlik edib. O baxımdan hesab edirəm ki, hərbi sənaye və texnologiya menecmenti sahəsində ixtisaslaşmış bir şəxsin belə bir posta gətirilməsi Tehranın daxili silah istehsalını intensivləşdirmək və müdafiə təchizat zəncirini daha da gücləndirmək planlarında xəbər verir. Onu da nəzərə almaq lazımdır ki, son dövrlər Rusiyanın raket istehsalı ilə bağlı İrana yardımları artırdığı barədə məlumatlar var”.
Vidadi ORDAHALLI