Elə insanlar var ki, həyatdan köçsələr də, yetişdirdikləri insanların həyatında yaşamağa davam edirlər...
İnsanın həyat yolunda elə müəllimlər, elə şəxsiyyətlər olur ki, onların verdiyi dərslər məktəb illəri ilə məhdudlaşmır, bütöv bir ömrün mənəvi istiqamətinə çevrilir.
Azərbaycan təhsilinin görkəmli nümayəndəsi, Əməkdar müəllim, "Şöhrət" ordenli pedaqoq Minarə Tahirova məhz belə şəxsiyyətlərdən idi.
Orta məktəb illərimin keçdiyi Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyi mənim üçün yalnız təhsil aldığım məktəb deyil, həm də şəxsiyyət kimi formalaşdığım, həyata baxışımın təməlinin qoyulduğu doğma bir elm ocağıdır. Bu təhsil müəssisəsinin tarixində isə Minarə müəllimənin müstəsna yeri və silinməz izləri var.
O, sadəcə bir məktəb direktoru deyildi. O, təhsilə sədaqətin, müəllim adına ehtiramın, prinsipiallığın, ədalətin və insanlığın canlı nümunəsi idi. Onun rəhbərliyi altında formalaşan təhsil mühiti bizə yalnız bilik qazanmağı deyil, zəhmətə dəyər verməyi, məsuliyyətli olmağı, düzgünlüyü və cəmiyyətə faydalı insan kimi yetişməyi öyrədirdi.
Bu gün ali təhsil müəssisəsinə rəhbərlik edən bir şəxs kimi daha dərindən anlayıram ki, təhsil rəhbərinin ən böyük uğuru yalnız yaratdığı infrastruktur, qazandığı nəticələr və əldə etdiyi nailiyyətlərlə ölçülmür. Əsl uğur yetişdirdiyi insanların həyatında buraxdığı iz, onların xarakterində yaşatdığı dəyərlər və gələcək nəsillərə ötürdüyü mənəvi irsdir.
Minarə müəllimə məhz bu mənada böyük bir məktəb yaratmışdı. Onun yetişdirdiyi minlərlə gəncin bu gün müxtəlif sahələrdə qazandığı uğurlar bir pedaqoqun ömrünün nə qədər mənalı və dəyərli olduğunun ən parlaq göstəricisidir. İllər keçir, zaman dəyişir, insan həyatında yeni mərhələlər başlayır. Lakin bəzi adlar yaddaşımızda həmişə eyni ucalıqda qalır. Minarə Tahirova adı mənim üçün hər zaman böyük hörmət, minnətdarlıq və ehtiramla xatırlanacaq.
Müəllimin böyüklüyü ondadır ki, özü bir ömür yaşayır, amma yüzlərlə, minlərlə insanın ömründə iz qoyur.
Əziz Minarə müəlliməni dərin hörmət və ehtiramla yad edir, onun Azərbaycan təhsilinə bəxş etdiyi dəyərli irsin daim yaşayacağına inanıram.
Ruhunuz şad, məkanınız cənnət olsun, əziz Minarə müəllimə!
Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru