Məlum olduğu kimi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib. Qərar AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşü zamanı qəbul olunub. Eyni zamanda, AQEM-in əməyin mühafizəsi və sağlamlığın qorunması sahəsində əməkdaşlığa dair bəyanatı qəbul edilib.
Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin iki illik sədrliyi dövründə müxtəlif istiqamətlər üzrə irəli sürdüyü təşəbbüslər və təşkil etdiyi tədbirlər alqışlanır. Bakı Bəyannaməsində beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə mövcud risklərə qarşı mübarizə yolları ilə bağlı konkret müddəalar əksini tapıb. Sənəddə, həmçinin, dözümlülüyün və sivilizasiyalararası dialoqun təşviqinə, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bununla yanaşı, süni intellektin inkişafı nəticəsində yaranan imkanlar və risklər də sənəddə ön plana çəkilir. Bəyannamədə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsi, eləcə də enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı müddəalar da yer alır. Ümumiyyətlə, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşünün uğurla başa çatması bütün Asiya boyu regional dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın inkişaf etdirilməsində mühüm mərhələdir. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi görüşün əsas nəticələrini sıralayıb: Bakı Bəyannaməsinin və Əməkdaşlıq, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə bəyanatln qəbul edilməsi; Laos Xalq Demokratik Respublikasının AQEM-ə tamhüquqlu üzv olması; Azərbaycanın sədrliyinin 2026–2028-ci illər üçün uzadılması; Səfir Sultan Hacıyevin 2026–2030-cu illər üçün AQEM-in Baş Katibi təyin edilməsi; Kambocanın ratifikasiyası ilə AQEM Katibliyinin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi prosesinin tamamlanması; Asiyada çoxtərəfliliyə, qarşılıqlı əlaqələrə, sülh və təhlükəsizliyə yenilənmiş sadiqlik. Qeyd edilir ki, Azərbaycan daha dinc və firavan Asiyaya doğru dialoq, etimad quruculuğu və birgə fəaliyyət platforması kimi AQEM-in gücləndirilməsinə sadiq qalır. Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edir ki, müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb geosiyasi proseslərin, yeni təhlükəsizlik çağırışlarının və iqtisadi əlaqələrin yenidən formalaşmasının şahidi olur.
O qeyd edib ki, belə bir şəraitdə dövlətlər arasında dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə xidmət edən çoxtərəfli platformaların əhəmiyyəti daha da artır: “Bu baxımdan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə – AQEM xüsusi əhəmiyyət daşıyır. AQEM-in yaradılması ideyası ilk dəfə 1992-ci ildə Qazaxıstan tərəfindən irəli sürülüb. Əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üçün dövlətlər arasında etimadı gücləndirən universal dialoq platformasının formalaşdırılması idi. Bu gün AQEM artıq 28 üzv dövləti birləşdirən və Asiya qitəsinin böyük hissəsini əhatə edən mühüm çoxtərəfli platformaya çevrilib. Azərbaycan AQEM-in fəaliyyətində ilk illərdən etibarən fəal iştirak edən dövlətlərdəndir. Ölkəmizin təşkilata münasibəti onun əsas prinsipləri – dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət, dialoq və qarşılıqlı etimad ilə uzlaşır. AQEM-in əsas sənədlərində də məhz bu prinsiplər təsbit olunub. Azərbaycanın AQEM-də 2024–2026-cı illər üzrə sədrliyi ölkəmizin bu platformadakı rolunu daha da gücləndirib. Sədrliyin əsas prioritetləri “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” konsepsiyası ətrafında formalaşıb. Bu yanaşma AQEM-i yalnız siyasi dialoq platforması kimi deyil, həm də rəqəmsal transformasiya, nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq və davamlı inkişaf məsələlərinin müzakirə olunduğu praktiki əməkdaşlıq məkanına çevirmək məqsədi daşıyır”. Deputat qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə AQEM-in institusional inkişafı da xüsusi diqqət mərkəzində olub: “2023-cü ildə qəbul edilmiş “Yol Xəritəsi” əsasında Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata transformasiyası istiqamətində iş aparılır. Hazırda təşkilatın beynəlxalq hüquqi statusunu müəyyənləşdirəcək Nizamnamə layihəsi üzrə danışıqlar davam edir. Bu proses AQEM-in gələcəkdə daha institusionallaşmış və nəticəyönümlü beynəlxalq platformaya çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın sədrliyi çərçivəsində iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin genişləndirilməsi də önəmli istiqamətlərdən biridir. 2025–2026-cı illərdə AQEM Biznes Şurasına Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrliyi bu istiqamətdə praktiki addımlardan biridir. Məqsəd üzv ölkələrin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Digər mühüm istiqamət isə qadınların və gənclərin AQEM məkanında rolunun artırılmasıdır. Azərbaycanın sədrliyi çərçivəsində 2026-cı ilin aprelində “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın keçirilməsi bu baxımdan diqqətəlayiqdir. Tədbirdə qadın sahibkarlığı, qanunvericilik, süni intellekt və rəqəmsallaşmanın qadın sahibkarlığı üçün yaratdığı imkanlar, eləcə də ətraf mühitin qorunmasında qadın liderliyi kimi məsələlər müzakirə olunub. Bu yanaşma təsadüfi deyil. Azərbaycanın AQEM sədrliyi dövründə irəli sürdüyü gündəlik göstərir ki, müasir təhlükəsizlik anlayışı artıq yalnız hərbi-siyasi məsələlərlə məhdudlaşmır. Rəqəmsal təhlükəsizlik, süni intellekt, informasiya məkanı, iqlim dəyişmələri, ərzaq və enerji təhlükəsizliyi, nəqliyyat və iqtisadi bağlantılar da dövlətlərin təhlükəsizliyi və davamlı inkişafı ilə birbaşa əlaqəlidir”.
Ramil QULİYEV