Erməni politoloq Stepan Danielyan bildirib ki, Ermənistanın Avropa İttifaqına qəbul prosesinin başlanmasını nəzərdə tutan qanunun qəbul edilməsi Brüsselin diktə etdiyi bir qumar idi. Bundan əvvəl isə xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda Ermənistanın Aİ-yə doğru irəliləməsinin nəticələrini anlamağın vacibliyini bildirib: "Avropa İttifaqının sabah Ermənistanı tamhüquqlu üzv kimi qəbul etməyə hazır olub-olmadığına əmin deyiləm, hətta Ermənistan "hə" desə belə".
Danielyan bu fonda qeyd edir: “Onlar Ermənistanı Ukrayna ilə eyni tələyə salmağa çalışdılar və əslində, buna nail oldular. İndi isə bu mənasız qanuna görə problemlərlə üzləşirik”. O, həmçinin əlavə edib ki, qanunun qəbulundan əvvəl və ya sonra Ermənistanın Aİ üzvlüyü ilə bağlı heç bir ictimai müzakirə olmayıb: “Mirzoyanın dedikləri indi geri çəkilmə cəhdidir. İndi hakimiyyət deyir ki, “Əgər biz bunu etmək qərarına gəlsək, Aİ bizi qəbul edəcəkmi?”. Amma 2025-ci ildə, kim bilir nəyə ümid edərək bu macəraya qədəm qoyanda özünüzə bu sualı vermədinizmi? İndi isə günahı Aİ-nin üzərinə atmaq istəyirlər. Düşünürəm ki, onlar bir çıxış yolu hazırlayırlar: ya qanunu ləğv etmək, ya da əvvəlki qanunu ləğv edəcək yeni bir qanun qəbul etmək. Başqa sözlə, onlar nüfuzlarını qorumağa və Rusiya ilə münaqişədən qaçmağa çalışırlar". Danielyan hesab edir ki, Ermənistanın bu "macəraçı siyasət" nəticəsində məruz qaldığı və gələcəkdə də məruz qala biləcəyi itkilər çox ciddidir və mövcud hökumət bunlara görə məsuliyyət daşımalıdır: "Cəmiyyət hakimiyyəti məsuliyyətə cəlb etməlidir. Lakin cəmiyyət laqeyd və siyasi cəhətdən dağınıqdır".
9 may 2026-cı ildə Rusiya prezidenti Vladimir Putin Ermənistanın Aİ-yə üzvlük barədə mümkün qədər tez qərar verməli olduğunu bildirib. O, bunun həm Ermənistan vətəndaşları, həm də onların əsas iqtisadi tərəfdaşı Rusiya üçün doğru addım olacağına inanır. Mayın 11-də Nikol Paşinyan jurnalistlərə bildirib ki, Ermənistan AİB-in tamhüquqlu üzvü olaraq qalır və obyektiv ehtiyac yarandıqda referendum keçiriləcək. Mayın 29-da AİB sammitində ittifaqın üzv dövlətlərinin liderləri birgə bəyanat yayaraq Ermənistanın bu və ya digər ittifaqa daha da inteqrasiyası ilə bağlı mümkün qədər tez qərar qəbul etməsinin vacibliyini vurğuladılar. Sammitdən sonra Putin AİB-dən çıxmağın ÜDM-in təxminən 14%-nin itirilməsinə səbəb ola biləcəyini bildirdi. Sentyabrın 1-də Bişkekdə ŞƏT sammiti çərçivəsində Paşinyanla görüşündə Vladimir Putin bildirib ki, erməni xalqına Avropa İttifaqına qoşulmaqla bağlı mövqeyini müstəqil şəkildə müəyyən etmək imkanı verilməlidir. Rusiya lideri qeyd edib ki, Rusiya Ermənistanın ölkəyə fayda verən istənilən qərarını dəstəkləyəcək. Statistikaya görə, Ermənistan AİB-dən çıxsa, ticarət dövriyyəsinin təxminən 40%-ni itirəcək.
Samirə SƏFƏROVA