"Media dövlətçilik mövqeyində peşəkar dayanmağı bacarmalıdır"...
"Qarşınızda MŞ İH-nin üzvü kimi çıxış edirəm. İş belə gətirib ki, 2003-cü ildə Mətbuat Şurasının təsis olunma proseslərində iştirak etmədim. O dövrdə baxışlarım belə idi ki, Mətbuat Şurasının yarandığı konkret şərait şuranın uğurlu olmamasına səbəb ola və ya da ki, onun missiyasının tam şəkildə yerinə yetirilməsinə imkan verməyə bilər. Əlbəttə, bu gün o zamankı mövqeymin nə qədər haqlı və ya haqsız olduğunu sübut etmək fikrində deyiləm. Əslində, onu sübut etməyin bu gün üçün heç bir mənası da yoxdur. Bu bir tarix idi". Keçmişdə qaldı". Bu fikirləri "Bakı-Xəbər" media qrupunun rəhbəri, Əməkdar jurnalist Aydın Quliyev Azərbaycan Jurnalistlərinin IX Qurultayında bildirib.
Aydın Quliyev çıxışında qeyd edib ki, müəyyən illərdən sonra mənə təklif olundu, qurultayların birində Mətbuat Şurasının İdarə Heyətinin tərkibinə seçilərək fəaliyyət göstərməyə başladım. "Artıq uzun illər onun tərkibində mənim fəaliyyət təcrübəm var. Onu demək istəyirəm ki, Mətbuat Şurasının bu illər ərzində qazandığı nailiyyətlərdə, ortaya qoyduğu peşə və dövlətçilik fəaliyyətlərində mənim də payımın olduğunu düşünürəm. Payımın olması ilə qürur duyuram. Eyni zamanda Mətbuat Şurasının fəaliyyəti üçün haradasa nöqsan, çatışmazlıq, ağ nöqtə sayılan yerlər varsa, onlar üçün də İdarə Heyətinin üzvü olaraq öz məsuliyyətimi dərk edirəm və məsuliyyətimdən yaxamı kənara çəkmirəm. Yəqin ki, bu mənim qurultay nümayəndələri qarşısında İdarə Heyətinin üzvü olaraq sonuncu çıxışım olacaq. Mediadan getmirəm. Mediada qalacağam. Biz hələ uzun illər bir yerdə olacağıq, fəaliyyət göstərəcəyik. Sadəcə olaraq düşündüm ki, 4 dəfə İdarə Heyətinin üzvü seçilmək artıq yetər, meydanı və yolu yeni qüvvələrə vermək lazımdır. Bu tribunada o da deyildi ki, jurnalistika bu gün təkcə köhnə prinsiplərlə işləyən bir sənət yox, bundan daha çox yeni texnologiyalara söykənərək işləyən, amma əvəzolunmaz bir peşə olaraq müasir dövrün insanlarına daha çox yer verməlidir. Mən ona görə də Rəşad Məciddən xahiş etdim ki, İdarə Heyətinin yeni tərkibinə namizıdlərin irəli sürülməsində mən lazımi qədər səs toplamğıma baxmayaraq, mənim adımı seçki bülletenlərindən çıxarsın. Ora yeni qüvvələrin nümayəndələri gəlsin.
Mətbuat Şurasının tarixində tamamilə yeni bir dönəm başlayır. Bu dövrün yeniliyi birinci növbədə dövlətimizin yeni mərhələyə daxil olması, dünyanın bütünlüklə yeni düzən dövrünə daxil olması, qlobal media proseslərində yeni mərhələnin gəlişi ilə bağlıdır. Əgər dövlətimiz, dünyamız və qlobal media dəyişilibsə, biz niyə dəyişməyək?!" deyə A.Quliyev vurğulayıb.
Daha sonra o deyib:"Qərb dairələri bizdən, Azərbaycan mediasından daha çox peşəkar olmasını istəyirdilər. Dünyada baş verən dəyişikliklər göstərdi ki, onların istədiyi yüksək peşəkarlıq prinsipi əslində başqalarının işinə müdaxilə üsulu imiş. Məlum oldu ki, onların çox qabartıqları peşəkarlıq prinsipi əslində onların öz dövlətləri ilə bağlılıqlarını gizlətmək üsulu imiş...Nədən onlar öz dövllətlərinin yanında durmalı, bizə bunları lüzumsuz görməlidirlər?! Azərbaycanın yeni dövründə media və Mətbuat Şurası peşəkarlıqla bərabər üstün şəkildə dövlətçi, vətənpərvər olmağı bacarmalıdır. Dövlətçi olmaqdan utanmayın, çəkinməyin, bunu şərəf bilin. Media dövlətçi mövqedə peşəkar dayanmağı bacarmalıdır. Biz öz dövlətimizin yanında media olaraq, jurnalist olaraq şərtsiz mövqe tutmalıyıq. İnanıram ki, yeni İdarə Heyəti media peşəkarlığı, dövlətçilik və ictimai mənafelər arasında optimal əlaqənin ən işlək formalarını tapacaq"-A.Quliyev bildirib.
İradə SARIYEVA