Sahil Kərimli: “Nürnberq məhkəməsi İkinci Dünya Müharibəsindən sonra faşistləri mühakimə etmək üçün yaradılmışdısa, Bakı məhkəməsi də Azərbaycan ərazisində müharibə cinayətləri törətmiş terrorçuların, separatçıların üzərində quruldu”
“Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi.
Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi. Lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular. Tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur...”
Bu fikiri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısındakı çıxışı zamanı səsləndirib.
Separatçılar üzərində qurulan Bakı məhkəməsi hansı göstəricilərinə görə Nürberq məhkəməsi xatırladır?
Ekspertlər qeyd edirlər ki, Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirləri bir sutkadan az müddətdə (23 saat 43 dəqiqəyə) qeyri-qanuni silahlı birləşmələrin təslim olması və separatçı rejimin buraxılması ilə nəticələndi. Bu, ölkənin bütün ərazisində konstitusiya quruluşunun və suverenliyin tam bərpası kimi qiymətləndirilir.
Keçmişdə səslənən hədə-qorxu xarakterli bəyanatların ("tankla Bakıya gəlmək" kimi) reallıqda tam əksi baş verdi. Söhbətdə həmin texnikaların Hərbi Qənimətlər Parkında sərgilənməsi güc balansının və hərbi-strateji qələbənin əyani sübutudur.
Separatçı rejimin və qeyri-qanuni qüvvələrin rəhbər şəxslərinin Azərbaycan məhkəməsi qarşısına çıxarılması hüquqi müstəvidə suverenliyin təsdiqi kimi izah olunur.
Bu proses isə İkinci Dünya müharibəsindən sonra faşist liderlərinin mühakimə olunduğu Nürnberq tribunalına bənzədi. Separatçıların törətdikləri ağır cinayətlər beynəlxalq hüquq və mənəvi baxımdan faşizmlə eyni mahiyyət daşıyır.
Politoloq Sahil Kərimli baki-xeber.com-a bildirdi ki, Azərbaycan xalqına qarşı soyqırım, kütləvi müharibə cinayətləri və etnik təmizləmə siyasəti aparan Ermənistan tərəfindən yaradılmış bir bir qrup separatçının, quldurun, caninin Bakıda mühakiməsi, eyni zamanda onların Azərbaycan qanunlarına uyğun olaraq haqlı şəkildə cəzalandırılması bütün dünya üçün bir göstəriş idi. “Yəni həmin şəxslərin Azərbaycan xalqına qarşı törətdikləri müharibə və soyqırım cinayətləri sənədlərlə, faktlarla sübut olundu. Bütün dünya gördü ki, Azərbaycan dövləti, Azərbaycan xalqı bu müharibə cinayətləri törədənlərə qarşı barışmaz mövqe tutur. Azərbaycan Prezidenti AGEM tədbirində çıxışı zamanı bu istiqamətdə Azərbaycanın müstəqil, qətiyyətli və birmənalı siyasətini bir daha ortaya qoymuş oldu. Prezidentin də vurğuladığı kimi bu şəxslərin, yəni Bakıda mühakimə olunan və barələrində məhkəmə hökmləri çıxarılmış canilərin məhkəməsi elə Nürnberq prosesinə bənzər bir məhkəmə oldu. Biz paralel aparmalıyıq ki, İkinci Dünya Müharibəsi dövründə insanlığa, bəşəriyyətə qarşı müharibə cinayətləri törətmiş alman faşistlərinin, canilərinin mühakiməsi bütün dünyanın gözü qarşısında Nürberq məhkəməsində həyata keçirildi. Ondan bir neçə onillikllər sonra isə Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş etməni qaniçənləri, quldurları, vandalları da eyni aqibəti yaşadılar”.
S.Kərimli vurğuladı ki, Azərbaycan bu ədalətli mühakiməni həyata keçirməklə, onları cəzalandırmaqla dünyaya Azərbaycan xalqının iradəsini, dövlətinin isə qətiyyətli siyasət yürütdüyünü göstərdi. “Xalqımıza qarşı müharibə cinayətləri törətmiş separatçılarla alman faşistlərini arasında heç bir fərq yoxdur. Nürnberq məhkəməsi İkinci Dünya Müharibəsindən sonra faşistləri mühakimə etmək üçün yaradılmışdısa, Bakı məhkəməsi də Azərbaycan ərazisində müharibə cinayətləri törətmiş terrorçuların, separatçıların üzərində quruldu. Bu səbəbdən də sepatçılar üzərində qurulan məhkəmə Bakı-Nürberq məhkəməsi kimi xarakterizə olunur”-deyə S.Kərimli qeyd etdi.
İradə SARIYEVA