Faiq Balabəyli: “Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir Ermənistan hökumətinə, cəmiyyətinə və beynəlxalq aləmə bir mesajdır ki, Ermənistanın üç keçmiş prezidenti gec-tez ədalət mühakiməsinə təslim ediləcəklər”
Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısındakı çıxışında Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın məsuliyyəti məsələsinə toxunaraq bildirib:“Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar”.
Prezident İlham Əliyevin bu mesajından Ermənistanın indiki rəhbərliyi nəticə çıxaracaqmı? Ermənistanın indiki rəhbərliyi uşaq qatili olan keçmiş prezidentləri niyə cəzalandırmır? Niyə bu istiqamətdə addım atmır?
Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli baki-xeber.com-a bildirdi ki,
Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra keçmiş prezidentlərə qarşı bir neçə cinayət işi başlatdı, lakin bu işlər Azərbaycana qarşı törədilən hərbi cinayətlərlə deyil, Ermənistanın daxili məsələləri ilə bağlı idi. F.Balabəyli hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi gedir və bu proses müstəvisində Ermənistan tərəfi Levon Ter-Petrosyanın, Robert Köçəryanın və Serj Sarkisyanın, bu canilərin, uşaq qatillərinin məhz bu məsələyə görə cinayət məsuliyətinə cəlb edilməsi istiqamətində addımlar atmalıdır.
“Azərbaycan Prezidentinin Ermənistanın keçmiş prezidentlərinə yönəlik səsləndirdiyi mesajdan Nikol Paşinyan hökuməti nəticə çıxarmalıdır. Hər üç keçmiş prezidentin Azərbaycan xalqına, xüsusən də uşaqlarımıza qarşı törətdiyi cinayətlər məlumdur. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Birinci Qarabağ müharibəsi dövründə və Xocalı faciəsi zamanı separatçı qüvvələrin və hərbi əməliyyatların əsas rəhbərlərindən və təşkilatçılarından biri olub. Serj Sarkisyanın Britaniyalı jurnalist Tomas de Vaala verdiyi məşhur müsahibədə Xocalı ilə bağlı etirafları buna əyani sübutdur. O, müsahibəsində “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi dağıtdıq” deyib. Bu fikir onun və digər rəhbərlərin həmin hadisələrdə birbaşa iştirakını və məsuliyyətini sübut edən əsas faktlardan biridir. Bunu Paşinyan da, onun hökumətindəki digər şəxslər də yaxşı bilir. Lakin Paşinyan hər şeydən əvvəl ermənidir, türkü özünə daima düşmən bilən erməni balasıdır. Bu baxımdan ona olan şübhə qüvvədə qalmalıdır. Vətən müharibəsinin ilk günlərində Paşinyan sələflərindən heç də geri qalmırdı”.
F.Balabəyli qeyd etdi ki, Ermənistanın keçmiş üç prezidentinin Qarabağda törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilməməsinin bir neçə səbəbi ola bilər. O, hesab edir ki, Petrosyanın, Köçəryan və Sarkisyanın arxasında xarici qüvvələr dayanır və bu da Paşinyan hökumətinin müəyyən qədər əl-qolunu bağlayır: “Ermənistanın keçmiş rəhbərlərinin xarici qüvvələr tərəfindən dəstəkləndiyi gizlin deyil. Onların indiyə qədər bu məsələyə görə həbs olunmamasına səbəb olan amillərdən biri xarici ölkələrdən onlara gələn dəstək ola bilər. Xüsusi ilə onların Rusiya rəhbərliyinin, prezident Putinin himayəsində olmasını da unutmamalıyıq.
Bu canilərin Rusiya prezidentinin himayəsində olması da bu canilərin və uşaq qatillərinin məsuliyyətdən kənar qalmasına təkan verib. Amma bütün hallarda gec-tez hər üç cani, uşaq qatili layiq olduqları cəzanı alacaqlar. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir Ermənistan hökumətinə, cəmiyyətinə və beynəlxalq aləmə bir mesajdır ki, Ermənistanın üç keçmiş prezidenti gec-tez ədalət mühakiməsinə təslim ediləcəklər. Azərbaycan tərəf onların layiq olduqları cəzanı almaları üçün bütün müvafiq addımları atır, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr bu məsələdən xəbərdardır. Gün gələcək bütün dünya Petrosyan, Köçəryan və Sarkisyan kimi uşaq canilərini dəmir barmaqlıqlar arxasında görə biləcək”-deyə F.Balabəyli vurğuladı.
İradə SARIYEVA