Qulamhüseyn Əlibəyli: “Müharibədə qələbə qazanmaqla sülhü davamlı etmək fərqli siyasi mövqelərdir”
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, sülh hələ də kövrəkdir:
“Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Prezident Əliyevin bu sözləri Azərbaycanın hərbi qələbədən sonrakı alicənab davranışının və sülhün məsuliyyətini öz üzərinə götürməsinin siyasi məntiqini aydınlaşdırır: “Azərbaycanda belə bir məşhur deyim var: igid basdığını kəsməz. Prezident Azərbaycanın “qisası Vətən müharibəsində döyüş meydanında aldığını, qələbədən sonra qisas hissi ilə yaşamadığını, məğlub düşmənə əlavə zərbə endirmədiyini, əksinə Ermənistana sülh təklif etdiyini vurğulayır. Bununla da, sülhün məsuliyyətini öz üzərinə götürdüyünə, qələbənin gələcək münasibətlər üçün hansı istiqamətdə istifadə edildiyinə diqqət çəkir. Burada Prezidentin verdiyi əsas mesaj bundan ibarətdir ki, hərbi üstünlük qalib dövlətə müəyyən imkanlar yaradır, həmin imkanın davamlı təhlükəsizliyə çevrilməsi isə siyasi seçim və iradə tələb edir. Qalib dövlətin məsuliyyəti həm də gələcək nəsillərin yenidən müharibə yaşamaq ehtimalını azaltmaqda ifadə olunur. Müharibədə qələbə qazanmaqla sülhü davamlı etmək fərqli siyasi mövqelərdir. Müharibədə qələbə təcavüzkarın müqavimətini qırmağı və işğalın nəticələrini aradan qaldırmağı, sülhü davamlı etmək isə yeni qarşıdurmanı doğura biləcək səbəbləri aradan qaldırmağı tələb edir.
Tarixi təcrübə göstərir ki, qalibin ardıcıllığı sülhün davamlılığına ciddi təsir edir. Qələbədən sonra intiqam siyasəti çox vaxt yeni qarşıdurma üçün zəmin yaradır. Bu baxımdan sülh təklifi strateji seçim kimi də oxuna bilər: regionda ticarət, nəqliyyat və enerji layihələri yalnız sabitlik şəraitində işləyir. Beynəlxalq auditoriya üçün də mesaj aydındır: Azərbaycan özünü yalnız qalib deyil, məsuliyyətli tərəf kimi də göstərir. Qalib gəlmiş dövlətin məğlub olmuş dövlətə sülh təklif etməsinin strateji mənası var. Məğlubiyyətin doğurduğu narazılıq cəmiyyətdə uzun müddət yaşaya, gələcəyin qeyri-müəyyənliyi və ümidsizlik təsəvvürü yarada bilər; bu da öz növbəsində həmin narazılığı və qeyri-müəyyənliyi revanşizm üçün əlverişli zəminə çevirə bilər. Bu baxımdan Azərbaycanın sülh siyasətinin məntiqi Ermənistan cəmiyyətində qonşusu ilə normal münasibətlər qurmağın təhlükəsiz və faydalı gələcək açdığı qənaətini gücləndirməkdir. Bunun üçün Azərbaycanın təhlükəsizlik maraqlarına hörmətlə yanaşılması da qarşılıqlı münasibətlərin dəyişməz şərti olmalıdır”.
Q. Əlibəylinin fikrincə, Prezidentin sülhü kövrək adlandırılması təsadüfi deyil: “Müharibədə qələbədən sonra sülh prosesinin hüquqi əsası ola biləcək müqavilənin imzalanması mühüm şərtdir. Azərbaycanla Ermənistan arasında sülhün hüququ bazası isə tam formalaşmayıb. Sülh sazişinin mətni paraflansa da imzalanma və ratifikasiya mərhələləri hələlik olmayıb. Ermənistanda konstitusiya məsələsi ətrafında müzakirələr bu proseslərin ən həssas hissələrindəndir. Eyni zamanda dövlətlərin və cəmiyyətlərin də bir-birinə etimadı yaranmalı, sülhün cəmiyyətlər daxilində ictimai dayaqları formalaşmalıdır. Sülh yalnız hökumətlər arasında deyil, cəmiyyətlər arasında da qurulur. Otuz illik münaqişənin yaratdığı itkilər, itkin düşmüş şəxslər, minalanmış ərazilər və qarşılıqlı qorxular müharibənin dayanması və ya sülh sazişinin imzalanması ilə dərhal aradan qalxmır.
İnsanlar, xüsusən də məğlub dövlətdə yaşayan insanlar sülhün faydasını gündəlik həyatlarında görməlidirlər: bu fayda sərhədyanı ərazilərdə daha təhlükəsiz yaşayışda, təsərrüfat fəaliyyətində, yeni iş yerlərində, ticarət və nəqliyyat imkanlarında, bütövlükdə insanların həyat səviyyəsində hiss olunmalıdır. Sülhün faydalarını görən insanların sayı nə qədər artarsa cəmiyyətdə sülh prosesinin ictimai dayaqları bir o qədər yüksək olar. Bu hələ də sülhə hazır olmadığı görünən erməni cəmiyyəti üçün xüsusilə aktualdır. Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşizmin hələ də güclü olduğu nəzərə alınmalıdır. Sərhəddə baş verə biləcək hər hansı insident, məsuliyyətsiz siyasi bəyanat və ya yoxlanılmamış məlumat belə bir şəraitdə öz miqyasından qat-qat böyük təsir yarada bilər. Buna görə sülhün möhkəmliyi həm də mümkün böhran anında tərəflərin necə davranacağından asılıdır. Bu baxımdan, birbaşa əlaqə kanalları, insidentlərin operativ araşdırılması və qarşılıqlı məlumatlandırma mexanizmləri böyük siyasi bəyanatlar qədər əhəmiyyətlidir. Sülhün gündəlik təminatı çox vaxt ictimaiyyətin diqqətindən kənarda qalan belə prosedurlarla qurulur. Kiçik hadisənin böyük böhrana çevrilməsinin qarşısını almaq artıq ayrıca təhlükəsizlik siyasətidir.
Burada Azərbaycan cəmiyyəti üçün də xüsusilə həssas olan məsələlər var. Təcavüzün və işğalın acı nəticələrini yaşamış, əzizlərinin və yaxınlarını itirmiş, yurdundan didərgin düşmüş və qayıtmaq üçün onilliklər gözləmiş, əmlakı məhv olunmuş insanların ədalət gözləntisi nəzərə alınmadan sülhün ictimai əsaslarını möhkəmləndirmək çətindir. Ədalətə inam sarsıldıqda sülhə etimad da zəifləyir. Sülh siyasəti həmin insanlara təhlükəsiz qayıdışın, bərpanın və gələcəyin təmin olunması üçün zəruri amil olmalıdır. Bölgədə maraqları olan qüvvələrin açıq və pərdəarxası fəaliyyəti də sülhün kövrəkliyini şərtləndirən amillərdəndir. Bu mənada, Prezidentin sülhü “qorumaq və möhkəmləndirmək lazımdır” çağırışı yalnız Ermənistana ünvanlanmış mesaj kimi deyil, hər iki dövlətə və cəmiyyətlərə, regionda maraqları olan qüvvələrə yönəlmiş mesaj hesab oluna bilər.
Prezidentin bu mesajı AQEM tribunasından səsləndirməsi də müəyyən məna daşıyır. Etimad tədbirlərini öz adında və fəaliyyət istiqamətində daşıyan bir platformada Azərbaycan regional təcrübəsini daha geniş təhlükəsizlik müzakirəsinə çıxarır və sonrakı mərhələdə sülh prosesinə beynəlxalq diqqətin azalmadığını, sülh quruculuğunun da ardıcıl siyasi və beynəlxalq dəstəyə ehtiyacı olduğunu nümayiş etdirir. Sülh prosesinə beynəlxalq və xarici dəstək Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoqu, razılaşmaların icrasını və qarşılıqlı məsuliyyəti gücləndirdikdə faydalıdır. Regiondakı sülh böyük güclərin dəyişən münasibətlərindən həddindən artıq asılı qaldıqca kövrəklik də davam edəcək. Bu gün Azərbaycanın qarşısındakı strateji vəzifə hərbi qələbənin yaratdığı imkanları dayanıqlı sülhə və uzunmüddətli regional təhlükəsizliyə çevirməkdir. Bunun üçün müdafiə qabiliyyəti, işlək diplomatiya, hüquqi müəyyənlik və cəmiyyətlərin gələcəyə hazırlığı bir-birini tamamlamalıdır. Güclü müdafiə revanşistlərin yeni müharibəyə başlamaq istəyinin qarşısını alır, uğurlu sülh siyasəti isə revanşizmə ictimai dəstəyi əhəmiyyətli dərəcədə azaldır”.
Vidadi ORDAHALLI