Azər Həsrət: “Görünən odur ki, Nikol oyun oynamaq fikrinə düşüb”
Paşinyan 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hədəfləyir. Ermənistanın baş naziri Nikol Paşinyan bunu oktyabrın 15-də hökumətin iclası zamanı bildirib.
“Mən 2031-ci ilə qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşıma məqsəd qoymuşam”, – deyə Ermənistanın baş naziri bildirib. O, bu məqsədə 2031-ci ilə qədər nail olmaq üçün əlindən gələni edəcəyini bir daha vurğulayıb.
Nə deməkdir bu? Axı həmin Paşinyan parlament seçkilərdən sonra sülh sazişi ilə bağlı səylərini artıracağını deyirdi. İndi məlum olur ki, Azərbaycanla sülh sazişi 5 il sonraya saxlayır. Halbuki, daha əvvəl 2027-ci il deyirdi. Ölkə konstitusiyasını dəyişmək üçün gələn il referendum keçirməli idi. O zaman niyə indi 2031-ci ilə qədər sülh müqaviləsinin imzalanmasından danışır?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, Ermənistanın indiki siyasi şəraiti elədir ki, Paşinyan parlamentdə gərəkli çoxluğu əldə edə bilmədiyinə görə referendum keçirə bilmir: “Fikrimcə, prosesdə gecikmə əsasən bundan qaynaqlanır. Yəni reallıqlar imkan vermir ki, Paşinyan bu referendumu keçirsin. Lakin istəsə bir qədər fərqli taktika tətbiq edərək referendumu keçirə bilər. Konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxara bilər. Ancaq görünən odur ki, Paşinyan oyun oynamaq fikrinə düşüb. Onun oyun oynamasının hansı nəticəyə gətirib çıxartdığını yaxşı bilirik. Bir zamanlar “Qarabağ Ermənistandır.” deyən Paşinyan cavabını sərt aldı. Prezident Əliyev “Qarabağ Azərbaycandır!” deyib “Dəmir yumruğu” təpəsinə endirdi və torpaqları azad etdik. Deməyim odur ki, indiki şəraitdə də Ermənistan bu prosesi süni şəkildə uzadacaqsa, Azərbaycan alternativlərə baxmaq məcburiyyətində qalacaq. Birincisi, Ermənistanla kommunikasiyaların açılması masa üzərindədir. Sülh müqaviləsi imzalanmada kommunikasiyalar açılan deyil. İkincisi, yavaş-yavaş başlanan ticarət, yaxud da ki, Rusiya və Qazaxıstandan gələn yüklərin Azərbaycan üzərindən daşıması dayandırıla bilər. Yəni biz bu prosesi davam etdirə bilərik. Sadəcə, Ermənistan anlamalıdır ki, bizimlə oyun oynamaq onların xeyrinə deyil. Azərbaycan tərəfi bir qədər təmkinli yanaşırsa belə, hər halda diplomatik kanallarla qarşı tərəfi başa salmağa çalışırlar. O mənada ki. prosesi bu qədər uzatmaq olmaz. Olsa belə, Azərbaycanın itirə biləcəyi bir şey yoxdur. O mənada ki, Azərbaycan öz işindədir. Bundan itirən Ermənistan olacaq. Üstəlik, kim onlara təminat verə bilər ki, sülh müqaviləsi imzalanmadan Ermənistanın hazırkı ərazi bütövlüyü təmin edilə bilər? Ona görə də tarixi Azərbaycan ərazilərində qurulan Ermənistan dövləti bu barədə düşünməlidir. Sülh müqaviləsi daha çox onlara lazımdır”.
Vidadi ORDAHALLI