İsrailin Baş naziri Binyamin Netanyahu Amerikanın “Fox News” televiziya kanalına verdiyi müsahibədə iddia edib ki, İran ABŞ-a çata bilən qitələrarası ballistik raketlər hazırlayır və onları nüvə başlıqları ilə təchiz etmək niyyətindədir.
"İranlılar ABŞ-a çatmaq üçün qitələrarası ballistik raketlər hazırlayır və bu raketləri nüvə başlıqları ilə təchiz etmək istəyirlər. ABŞ-ın hər bir şəhəri nəzarətə götürüləcək" – deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, İranın raket proqramı təkcə İsrail üçün deyil, həm də ABŞ üçün təhlükə yaradır.
İsrailin baş naziri iddia edir ki, Tehran Amerika şəhərlərini nüvə silahları ilə təhdid etmək və bu təhdiddən Vaşinqtona təzyiq göstərmək üçün istifadə etmək imkanı əldə etməyə çalışır. Netanyahu, bu təhlükə ilə mübarizə aparmağın yeganə yolunun "mövcud İran rejimini devirmək" olduğuna inandığını deyib.
Qeyd edək ki, Tehran nüvə silahı hazırlamaq niyyətini inkar edir və nüvə proqramının dinc xarakter daşıdığında israr edir.
Tahir TAĞIYEV