Fars körfəzi ölkələri regiondakı raket və dron hücumlarına görə bütün məsuliyyəti İranın üzərinə qoyub və Tehrandan vurulan ziyanın əvəzini ödəməsini tələb ediblər. NEWsru.co.il saytının xəbərinə görə, bu barədə bəyanat bazar günü, oktyabrın 18-də Manamada Körfəz Əməkdaşlıq Şurasının Nazirlər Şurasının iclası zamanı qəbul edilib. İclas iştirakçıları vurğulayıblar ki, "Şuraya üzv dövlətlərin təhlükəsizliyi bölünməzdir" və üzv dövlətlərdən birinə edilən hücum hamısına qarşı hücum deməkdir. Yekun bəyanatda Fars körfəzi ölkələrinə və İordaniyaya qarşı həyata keçirilən – birbaşa İran tərəfindən və ya onun dəstəklədiyi qüvvələr vasitəsilə törədilən raket və dron hücumları pislənir. Bu hücumlara və onların nəticələrinə görə bütün məsuliyyət Tehranın üzərinə düşür. Nazirlər bu hücumların "dərhal və qeyd-şərtsiz dayandırılmasını" tələb ediblər. Şura həmçinin beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını hücumlara görə məsuliyyət daşıyanları cavabdehliyə cəlb etmək, eləcə də Tehranın vurulan ziyanın əvəzini ödəməklə bağlı öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün tədbirlər görməyə çağırıb.
Bəyanatın ayrıca bir hissəsi dəniz naviqasiyası təhlükəsizliyinə həsr olunub. Nazirlər Hörmüz boğazı, Bab əl-Məndəb boğazı və Qırmızı dənizin qlobal iqtisadiyyat üçün kritik əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar Hörmüz boğazında naviqasiya azadlığının bərpa olunmasını tələb edib, eyni zamanda böhranın diplomatik yolla həllinə qayıtmağa çağırıblar. Bəyanatda bildirilib ki, Fars körfəzi ölkələri öz təhlükəsizliyinə və maraqlarına təsir edən istənilən danışıqlarda və ya razılaşmalarda iştirak etməkdə israrlıdır.
SAMİRƏ