Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kingdom Centre göydələninin rəhbərliyi, Yəmənli Husi üsyançılarının artan hücumları səbəbindən ofis işçilərinə qeyri-müəyyən müddətə uzaqdan işləməyi əmr edib.
Bu qərar Ər-Riyad Beynəlxalq Hava Limanına 13 nəfərin ölümü ilə nəticələnən böyük hücumdan bir həftə sonra verilib.
"Bu gündən etibarən Kingdom Centre ofisinin bütün işçiləri üçün növbəti xəbərdarlığa qədər telefonla işləmək məcburidir. Bu müddət ərzində ofislərə baş çəkmək qadağandır” –AFP-nin əldə etdiyi bina rəhbərliyinin məktubunda deyilir.
Lakin göydələnin altındakı ticarət mərkəzi hələ də açıqdır.
99 mərtəbəli Kingdom Centre-də Merrill Lynch, McKinsey və Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, böyük şirkət və təşkilatların ofisləri yerləşir. Ər-Riyaddakı məktəblər də distant təhsili genişləndirib və paytaxt hava limanı son hücumdan sonra bağlanıb.
Gərginləşmə fonunda Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən sərhədi yaxınlığındakı Nəcran əyalətində baş verən helikopter qəzasında iki hərbi pilotun həlak olduğunu bildirib. Koalisiya qəzanı texniki nasazlıqla əlaqələndirib. Bu arada, husilər eyni ərazidə bir Apaçi helikopterini vurduqlarını iddia ediblər.
Koalisiya həmçinin üç dron - ikisi Ər-Riyad yaxınlığında, biri isə neftlə zəngin Şərq əyaləti üzərində - və ölkənin cənubunda iki ballistik raketin məhv edildiyi bildirib.
ABŞ-İran müharibəsi fonunda Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi husilər arasında qarşıdurma yenidən kəskinləşib. Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturu və Ər-Riyad hava limanı da daxil olmaqla obyektlərinə hücum ediblər, koalisiya isə Yəmənin husilərin nəzarəti altında olan ərazilərinə zərbələr endirir.
Tahir TAĞIYEV