Ukrayna Prezidenti Zelenski ABŞ Prezidenti Trampı Kiyevi Rusiyaya təslim olmağa məcbur etmək cəhdində günahlandırıb. "Hesab edirəm ki, Ukraynanı təslim olmağa məcbur etmək üçün addımlar atılıb. Amerikalı tərəfdaşlarımızın müharibənin Ukraynanın bahasına daha tez başa çatacağına inandığını düşünmək istəmirəm. Amma görünür, bu, tam olaraq belədir", - deyə Zelenski “Bloomberg”ə müsahibəsində bildirib.
Ukrayna lideri, Trampın Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılması tələbini "Patriot" hava hücumundan müdafiə sistemi üçün əlavə raketlər müqabilində qəbul etdiyini deyib. "Amma sadəcə dizel yanacağına hücum etməyimizi dayandırmağımızı istəyirlər. Əgər bunu etməsək, bizi bir şeydən məhrum edəcəklər", - deyə Zelenski vurğulayıb.
O, həmçinin əlavə edib ki, ABŞ Ukraynaya yardım proqramının bir hissəsi kimi ödənilən müdafiə raketlərinin çatdırılmasını gecikdirir. "Amerika tərəfi onlardan yalnız bir hissəsinin çatdırılmasını təsdiqləyib, qalanları isə rədd edilib. Və bu, texniki məsələ deyil", - Zelenski bildirib.
O, Vaşinqtonla gərginliyin pisləşməsini 3 noyabrda ABŞ-da keçiriləcək ara seçkiləri ilə əlaqələndirib. "Seçkilər zamanı siyasət çox aqressiv olur", - deyə Zelenski qeyd edərək, səsvermədən sonra hər şeyin qaydasına düşəcəyinə ümid etdiyini bildirib. Ukrayna lideri həmçinin əlavə edib ki, Trampın Vladimir Putinlə "həqiqətən yaxşı" münasibətləri var. "Amma burada bir şey yolunda getmir. Hazırda Tramp Putini müharibəni bitirməyə məcbur edə bilmir", - deyə Zelenski bildirib
Tahir TAĞIYEV