Avropa ölkələrində bahalaşma və sosial problemlər fonunda keçirilən kütləvi etirazlara Rusiyanın mümkün müdaxiləsi ilə bağlı müzakirələri gündəmə gətirib. Albaniyanın baş naziri Edi Rama Rusiyanı və İranı ölkəsində iğtişaşlar təşkil etməkdə ittiham etsə də, Kremlin sözçüsü Dmitri Peskov bu cür iddiaları əsassız adlandırıb.
Rusiya Avropa ölkələrində iğtişaşlar yaratmaq və siyasi sabitliyi pozmaq üçün real imkanlara malikdirmi? Moskva sosial narazılıqlardan istifadə edərək etirazları idarə edə və ya daha da alovlandıra bilərmi, yoxsa bu Avropa hökumətlərinin bu ittihamları daxili problemlərdən qaynaqlanan narazılığı xarici qüvvələrlə əlaqələndirmək cəhdidir?
Murad Sadəddinov: "Rusiya Avropada iğtişaşları genişləndirərək hökumətlərin daxili problemlərinə müdaxilə etməyə çalışır"
Politoloq Murad Sadəddinov "Bakı-Xəbər" qəzetinə açıqlamasında Avropanın müxtəlif ölkələrində baş verən iğtişaşların bir neçə səbəblə bağlı olduğunu bildirib.
Onun sözlərinə görə, əsas amillər sırasında Avropadakı mürəkkəb sosial-siyasi və iqtisadi vəziyyət, bahalaşma, miqrantların sayının artması və solçu qüvvələrin fəallaşması yer alır. Politoloq hesab edir ki, Rusiya yaranmış vəziyyətdən istifadə edərək Avropada qarşıdurmaları dərinləşdirməyə çalışır.
Murad Sadəddinovun fikrincə, Moskvanın bu istiqamətdə fəallığının əsas səbəblərindən biri Qərbin Ukraynaya, xüsusilə də maliyyə sahəsində göstərdiyi dəstəkdən narahat olmasıdır. Rusiya sosial şəbəkələrdə saxta profillər və botlar vasitəsilə təbliğat apararaq Avropa ölkələrində ictimai gərginliyi artırmağa, hökumətlərin daxili problemlərini dərinləşdirməyə çalışır. Bununla yanaşı, müxtəlif siyasətçilərin və nüfuzlu şəxslərin maliyyə vasitəsilə öz təsir dairəsinə salınaraq Rusiyanın maraqları naminə istifadə edildiyi iddia olunur.
Politoloq diqqətçəkən məqam kimi Ukrayna tərəfinin Rusiyadakı məlumat mərkəzlərinə qarşı əməliyyatlarından sonra Almaniyada ifrat sağçı hərəkatları dəstəkləyən sosial şəbəkə hesablarının fəaliyyətində müşahidə edilən dayanmanı qeyd edib. Onun qənaətinə görə, bu hal həmin profillərin və botların Rusiyadakı məlumat mərkəzləri vasitəsilə idarə olunduğu ehtimalını gücləndirir.
Dəniz NƏSİRLİ