Xəyal Bəşirov: "Onlara cinayət işi açılması Azərbaycana qarşı bu cür çağırışlar etməyi düşünən digər şəxslər üçün də ciddi xəbərdarlıq olmalıdır"
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Türkiyə Respublikasında yaşayan və fəaliyyət göstərən bir sıra şəxslər barəsində Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və dini nifrətin salınması faktları üzrə cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa verilib.
İstintaq Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə açıq çağırışlar), 283.2.1 (dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1 (dini ekstremist materialları yayma) maddələri ilə aparılır.
Həmin şəxslərin sosial şəbəkələr ("X", "Facebook", "YouTube", "TikTok") vasitəsilə Azərbaycanda dini radikalizm zəminində zorakılığa və hakimiyyəti zorla dəyişməyə yönəlmiş materiallar yaymaları müəyyən edilib.
Axtarışa verilən şəxslər:
İlkin olaraq 16 oktyabr 2026-cı ildə "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi barəsində, oktyabrın 19-da isə daha 7 Türkiyə vətəndaşı barəsində beynəlxalq axtarış elan edilib.
Həmin şəxslər bunlardır:
1. Rıdvan Kaya ("Haksöz" jurnalı və internet resursunun müəllifi)
2. Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan "Köklü Değişim" yazarı)
3. Fatih Tezcan ("Analiz Merkezi" internet resursunun təsisçisi)
4. Ahmet Şanlı ("Ahmet Şanlı Hukuk Bürosu"nun rəhbəri)
5. Fahrettin Taşkaya Saral (Araşdırmaçı)
6. Abdurrahman Tumer (Sosial şəbəkə fəalı)
7. Alparslan Tanrıkulu (Moderator və idmançı)
Baş Prokurorluq bəyan edib ki, vətəndaşlığından və yaşadıqları ölkədən asılı olmayaraq, Azərbaycanın konstitusiya quruluşuna qarşı yönəlmiş bu növ qanunazidd əməlləri törədən şəxslərə qarşı Türkiyənin aidiyyəti orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində lazımi tədbirlər görüləcək.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov baki-xeber.com-a bildirdi ki, son zamanlar Türkiyənin sosial şəbəkə seqmentində və bəzi digər dairələrdə Azərbaycana qarşı müxtəlif bəhanələrlə çıxışlar edilir, müəyyən çağırışlar səsləndirilir. "Bu çıxışların bir qismi Azərbaycanın dövlət quruluşunu və müstəqilliyini hədəf alır, digər qismi isə dini radikalizm zəminində zorakılığın təşviqinə, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlir.
Təbii ki, Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlət prinsiplərinə görə, qanun qarşısında hər kəs bərabərdir. Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də ölkə ərazisində qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Azərbaycan dövləti öz qanunlarına zidd hərəkətlərə yol verən vətəndaşlarına münasibətdə hüquqi tədbirlər görürsə, digər dövlətlərin vətəndaşlarının da qanun qarşısında xüsusi üstünlüyü ola bilməz.
Bu baxımdan, dövlətin belə hallara operativ reaksiya verməsi milli təhlükəsizliyin və konstitusiya quruluşunun qorunması baxımından əhəmiyyətlidir.
Hesab edirəm ki, Türkiyədən olan bəzi şəxslərin Azərbaycana qarşı ardıcıl şəkildə anti-Azərbaycan mövqeyi sərgiləməsi, dezinformasiya yayması və dövlət quruluşuna qarşı çağırışlar etməsi reaksiyasız qalmamalıdır. Bu cür hallara hüquqi çərçivədə münasibət bildirilməsi dövlətin suverenliyinin və təhlükəsizliyinin qorunması baxımından vacibdir".
X.Bəşirov xatırlatdı ki, bundan əvvəl də Türkiyədən olan jurnalist Celal Çiftçinin Azərbaycana münasibətdə səsləndirdiyi fikirlər ətrafında müzakirələr aparılmış, sonradan onun üzr istədiyi bildirilmişdi, lakin üzr istəməyin şəxsi hüquqi məsuliyyətdən azad edib-etməməsi və həmin şəxsə münasibətə necə təsir göstərəcəyi qanunvericilik əsasında müəyyənləşdirilməlidir.
"Sonrakı dövrdə isə müxtəlif sahələrdə fəaliyyət göstərən və əsasən sosial şəbəkələrdə fəallıq göstərən daha bir sıra şəxslərin Azərbaycana qarşı oxşar bəyanat və çıxışlarının şahidi olduq. Bununla əlaqədar Azərbaycan dövləti hüquqi tədbirlər gördü. Baş Prokurorluqda həmin şəxslərlə bağlı cinayət işinin başlanması barədə qərar qəbul edildiyi bildirildi.
İrəli sürülən ittihamların mahiyyəti konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə çağırışlar, eləcə də dini radikalizm zəminində zorakılığın, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş materialların yayılması ilə əlaqələndirilir. Həmin şəxslər barəsində Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin müvafiq maddələri üzrə hüquqi prosedurlar başlanıb və onların iştirakı olmadan qiyabi həbs qətimkan tədbirinin seçildiyi açıqlanıb.
Əlbəttə, bu məsələlərə hüquqi qiymət verilərkən qanunun tələbləri, sübutlar və prosessual təminatlar əsas götürülməlidir. Bununla belə, onlara cinayət işi açılması Azərbaycana qarşı bu cür çağırışlar etməyi düşünən digər şəxslər üçün də ciddi xəbərdarlıq olmalıdır. Hər kəs sosial şəbəkələrdəki fəaliyyətinin və ictimai çıxışlarının mümkün hüquqi nəticələrini nəzərə almalıdır.
Digər mühüm məqam Azərbaycan-Türkiyə münasibətləridir. Hesab edirəm ki, iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb ola biləcək bu cür halların qarşısının alınması üçün həm Azərbaycan, həm də Türkiyə tərəfi üzərinə düşən məsuliyyəti dərk etməlidir.
Azərbaycan indiyədək Türkiyəyə qarşı yönəlmiş analoji çağırışlara, o cümlədən Azərbaycan vətəndaşları tərəfindən səsləndirilən fikirlərə münasibətdə hüquqi çərçivədə tədbirlər görüb. Bu baxımdan, Türkiyə tərəfinin də öz qanunvericiliyi çərçivəsində oxşar hallara prinsipial yanaşması qarşılıqlı etimadın qorunmasına töhfə verə bilər.
Təəssüf ki, hazırda Türkiyə tərəfindən bu istiqamətdə eyni səviyyədə yanaşmanın nümayiş etdirildiyini görmürük. Bununla belə, ayrı-ayrı şəxslərin mövqeyini Türkiyə dövlətinin rəsmi mövqeyi ilə eyniləşdirmək düzgün olmazdı. Türkiyənin dövlət siyasətini onun rəsmi qurumları və səlahiyyətli şəxsləri müəyyən edirlər.
Məhz buna görə də ayrı-ayrı şəxslərin məsuliyyətsiz bəyanatları Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməməlidir. İki dövlət arasında strateji tərəfdaşlığın qorunması üçün qarşılıqlı hörmət, dövlət suverenliyinə ehtiram və hüquqi prinsiplərə sadiqlik əsas götürülməlidir.
Nəticə etibarilə, belə halların qarşısının alınması yalnız Azərbaycanın atdığı hüquqi addımlarla məhdudlaşmamalıdır. Türkiyə tərəfinin də öz qanunvericiliyi çərçivəsində prinsipial mövqe ortaya qoyması gələcəkdə bu kimi mənfi tendensiyaların qarşısını ala və Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edə bilər"-deyə X.Bəşirov vurğuladı.
İradə SARIYEVA