Adil Qeybulla: “Birləşmiş qurum kimi Səhiyyə Nazirliyi qarşısında əslində çox mühüm vəzifələr dayanır”
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Prezident İlham Əliyev oktyabrın 19-da bununla bağlı müvafiq fərman imzalayıb.
TƏBİB 2018-ci ildə dövlət başçısının fərmanı ilə təsis edilib. Publik hüquqi şəxs olan qurumun əsas məqsədi dövlət tibb müəssisələrini idarə etmək və icbari tibbi sığorta sistemində xidmət keyfiyyətini yüksəltmək olub.
TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi nəyi dəyişəcək? Ümumilikdə, bu qərarı ekspertlər necə dəyərləndirir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, bu sahədə iki icra qurumun olması işin effektivliyinə mənfi təsir edirdi: “Bunu dəfələrlə bildirmişdik. Həqiqətən də vəziyyət belə idi. Bir çox məsələlərdə xəstəxana tabeçiliyi fərqli olduğuna görə, TƏBİB-lə Səhiyyə Nazirliyi arasında bir ziddiyyət yaranırdı. Bu da işin effektivliyinə neqativ təsir edirdi. Əslində TƏBİB-in tarixi missiyası artıq başa çatmışdı. İndi Səhiyyə Nazirliyi vahid məsuliyyəti öz üzərinə götürəcək. Yəni xəstəxanalar arasında assosiativ əlaqələri təmin etmək, randevu sistemini qaydasına salmaq, vətəndaşların xəstəxanaların hər birinin imkanlarından istifadəsinə şərait yaratmaq, həkimlərin ölkədə qalıb işləməsinə çalışmaq, rayonlarda həkimlərin fəaliyyətini stimullaşdırmaq əsas prioritetə çevriləcək. Artıq vahid rəhbərlik sistemi öz müsbət tərəfini göstərəcək. Səhiyyə Nazirliyi ictimaiyyətlə işləyəcək və bu sahədə yüksək nəticə əldə ediləcək. Biz bunu gözləyirik. Azərbaycan səhiyyəsinin Qərb standartlarına uyğunlaşdırılması üçün sistemli islahatlara ehtiyac var. Səhiyyə Nazirliyi və tibb işçiləri əl-ələ verərək bu prosesdə iştirak etməlidirlər. Bu məsuliyyəti hamımız bölüşməliyik. TƏBİB əvvəlcə icbari tibbi sığorta sistemini qaydaya salmaq məqsədilə yaradılmışdı. Lakin sonrakı hadisələr göstərdi ki, eyni sahədə iki icra qurumunun fəaliyyət göstərməsi ümumi işi çətinləşdirir, səlahiyyət bölgüsündə problemlər yaradır və qurumlar arasında ziddiyyətlərə səbəb olur. Biz bunun şahidi olurduq”.
Professor onu da qeyd etdi ki, birləşdirmə ilə bütün məsələlər həll olunmur: “Birləşmiş qurum kimi Səhiyyə Nazirliyi qarşısında əslində çox mühüm vəzifələr dayanır. Bunun öhdəsindən nə dərəcədə gələcəyini zaman göstərəcək. Yəni artıq vahid səlahiyyətli qurum var. İndi hansı nəticələrin əldə olunacağını görmək üçün zamana ehtiyac var. Bəzi məlumatlar var ki, bu, gələcək ixtisarlara hesablanıb. Digər iddialara görə isə bu, iki qurumun effektsiz işinin nəticəsindən doğur. Hər halda hesab edirəm ki, bütün bu məsələləri gələcəyə buraxmaq lazımdır. Çünki indidən bununla bağlı proqnoz verə bilmərik”.
Vidadi ORDAHALLI