Azərbaycanın taxıl bazarında kəskin bir təzad hökm sürür. Yüksək maya dəyəri və ziyan ucbatından kəndlinin sahədən çəkildiyi bir vaxtda, ölkəyə idxal buğdası artan xətlə daşınır. Dövlət Gömrük Komitəsinin rəqəmlərinə görə, bu ilin ilk doqquz ayında Azərbaycan xaricdən 224 milyon dollarlıq buğda alıb. Ölkəyə gətirilən buğdanın ümumi çəkisi 1 milyon 44 min tonu ötüb. Keçən ilin eyni dövrü ilə müqayisədə gətirilən buğdanın həcmi 166 min tondan çox artıb ki, bu da təxminən 19 faizlik sıçrayış deməkdir.
İdxalın artdığı bir vaxtda ölkə daxilindəki taxıl zəmilərində əks mənzərə yaranıb. Dövlət Statistika Komitəsinin (DSK) avqustun əvvəlinə olan məlumatına görə, cari mövsümdə sahələrdən yığılan buğdanın həcmi 1 milyon 534 min ton təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 faiz azalma deməkdir. Bu azalma torpağın az bar verməsindən qaynaqlanmır. Əksinə, hər hektardan götürülən orta məhsuldarlıq 33.6 sentnerdən 36.5 sentnerə yüksəlib. Əsas səbəb kəndlinin buğda əkdiyi sahələri kiçiltməsidir. Hesabat tarixinə qədər biçilmiş sahə bir ildə 467 min hektardan 421 min hektara qədər daralıb. Üstəlik, bu geriləmə təkcə builki məsələ deyil. DSK-nın məlumatları göstərir ki, ölkədə buğda istehsalı ardıcıl olaraq azalır; ötən il bu göstərici 4.5 faiz aşağı düşmüşdü. Buğda sahələrinin ildən-ilə daralması kəndlinin taxılçılıqdan uzaqlaşmasının sistemli xarakter daşıdığını deməyə əsas verir. Buğda idxalının artması təkcə daxili istehsalın azalması ilə də bağlı deyil. Əhalinin ərzaq istehlakının çoxalması, yerli məhsulun tələbatı tam ödəməməsi və keyfiyyətli ərzaqlıq buğdaya olan ehtiyac da idxalın həcminə birbaşa təsir göstərir. Məhsuldarlığa mənfi təsir edən amillərdən biri suvarma problemidir. Bəzi təsərrüfatlarda bahalılıq ucbatından müasir texnologiyalardan, keyfiyyətli toxumdan və münbitliyi qoruyan aqrotexniki üsullardan kifayət qədər istifadə edilmir. Yanacaq, gübrə, toxum və texnika xərclərinin yüksək olması da işi çətinləşdirir.
Taxılçılıqdakı geriləmə ən yüksək rəsmi səviyyədə də təsdiqlənib. Bu ilin mayında prezident İlham Əliyev bildirib ki, ölkənin buğda ilə özünütəminetmə səviyyəsi cəmi 55 faiz təşkil edir. O vurğulayıb ki, aqroparkların mövcudluğuna, eləcə də dövlət dəstəyinə baxmayaraq, bu göstərici illərdir yerində sayır: "Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq... Təbii ki, coğrafiyamızı, əkin sahələrini və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, özümüzü ərzaq buğdası ilə 100 faiz təmin etmək kimi bir hədəf qoymamalıyıq". Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış yolunu məhsuldarlığın artırılmasında görür. Nazir yerli mediaya bildirib ki, ərzaqlıq buğda proqramına daxil olan fermerlərin əkin sahələri genişləndirilir. Ötən il proqram çərçivəsində 22 min hektardan 126 min ton ərzaqlıq buğda yığılıb. Bu il isə əkin sahəsi 29 min hektara çatdırılıb: "Əsas hədəfimiz Azərbaycanda buğda məhsuldarlığını hektar başına 3 tondan 5 tona çatdırmaqdır". Proqram çərçivəsində Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən buğdaya 2023-cü ildən başlayaraq beş il müddətinə subsidiya ödənilir. Aqrar Subsidiya Şurasının yeni mexanizminə əsasən, 22 ixtisaslaşmış rayonda müasir suvarma sistemləri ilə yetişdirilən buğda üçün daha yüksək dəstək nəzərdə tutulub. Belə ki, bu sahələrə ənənəvi suvarma və dəmyə əkinləri ilə müqayisədə iki dəfə çox — hektara 400 manat subsidiya verilir. Cəlilabad rayonundan olan bir fermer məsələ ilə bağlı “Azadlıq” radiosuna bildirib: "Buğda əkib nə qazanacağam axı? Yaz başlayan kimi borca batırıq". Onun sözlərinə görə, yaz girəndə əkin üçün götürülən borclar biçin vaxtı kəndlinin boynunu bükür. Fermer söyləyir ki, üstəlik, yığılan məhsulun satış qiyməti çəkilən xərcləri belə ödəmir: "Toxum bir yandan, gübrə, traktor pulu bir yandan. Su davası isə lap zülmdür. Məhsul yetişəndə də görürsən ki, əldə qalan pul xərci çıxarmır. Nə borcu bağlamaq olur, nə də gələn ilin səpininə pul qalır – zəhməti çox, xeyri yox".
Ramil QULİYEV